Davud Rüstəmov: “Azərbaycanda kritik informasiya infrastrukturu obyektlərinin siyahısı dərc olunacaq”
Azərbaycanda kritik informasiya infrastrukturu obyektlərinin siyahısı dərc olunacaq və hazırda beynəlxalq təcrübəyə əsaslanaraq belə obyektlər olan sahələr müəyyənləşir.
“Zirvə yolu” xəbər verir ki, bunu Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov Bakıda keçirilən “II Milli Kibertəhlükəsizlik Forumu”nda deyib.
“Nəzərə alsaq ki, 4-cü Sənaye İnqilabını yaşayırıq və bu dövrdə hər şeyin avtomatlaşdırılması və rəqəmsallaşması tələb edilir. Bu zaman biz kritik informasiya infrastrukturunun olduğunu qəbul edib, bunun təhkükəsizliyində maraqlı olmalıyıq. Beynəlxalq təcrübələrdən biz Avropa, İsrail, Türkiyə və Rusiya təcrübələrinə nəzər saldıq. Bu təcrübələr arasında Almaniya və Rusiya təcrübəsi seçilirdi. Bu ölkələrdə kritik informasiya infrastrukturu obyektləri 3 səviyyədə – vaciblik meyarlarına görə təsnifatlaşdırılır. Digər dövlətlərdə yalnız sektor olaraq, məsələn, səhiyyə sektoru, dövlət idarəçiliyi, maliyyə bazarları, su təchizatı sahəsi kritikdir deyə bütün sahələr kritik sayılır”, – D. Rüstəmov bildirib.
O qeyd edib ki, Azərbaycanda əhalinin təminatı üzrə mühüm sahələr var: “Məsələn, çoxlu sayda çağrı sistemləri mövcuddur, bunların arasında Təcili Tibbi Yardım sistemi də var ki, hər kəs bundan istifadə edir və əhalinin mühüm təminatı sayılır. Bu sistemdə baş verəcək hər hansısa bir xəta, bilərəkdən, bilməyərəkdən, hədəfli şəkildə keçirilmiş kiber hücumlar və ya hər hansısa formada funksional imkanların pozulması çətinliklərə gətirib çıxara bilər. 2018-ci ildə elektrik enerjisi şəbəkəsində yaranan böhran, 2015-ci ildə Ukraynada SKADA sistemlərinə olan kiberhücumlar və digər məsələləri misal gətirmək olar. Artıq müharibələr insalara, hərbi obyektlərə deyil, kritik infrastrukturlara qarşıdır. Texnologiya hər zaman risklidir və ona tam güvənmək olmaz”.