Qeyri-qanuni erməni birləşmələrinin kvadrokopterlə kəşfiyyat fəaliyyətinin qarşısı alınıb
“Zirvə yolu” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, iyunun 4-ü saat 20:10 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinə məxsus kvadrokopterin Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin üzərində kəşfiyyat xarakterli uçuş apardığı müşahidə edilib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində mövqelərimiz üzərində uçuş həyata keçirməyə cəhd göstərən kvadrokopterin fəaliyyətinin qarşısı alınıb.
Bundan başqa, saat 18:25 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.