Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov karyerasını başa vurmaq istəmir.
“Zirvə yolu”nun məlumatına görə, “Zirə” ilə vidalaşan 36 yaşlı müdafiəçi paytaxt təmsilçisində işləmək təklifini geri çevirib.
“Qartallar”ın çalışdırıcısı Rəşad Sadıqov Abışovun oynayan məşqçi kimi klubda qalmasını və ya idarəetmədə yer almasını istəyib.
Təcrübəli oyunçu yaxşı formada olduğunu əsas gətirərək oynamaq niyyətində olduğunu söyləyib.
Keçmiş yığma üzvü Premyer Liqa klublarından bəziləri ilə danışıq aparır. O, maraqlı və sərfəli olan variantlardan birini seçəcək.
Qeyd edək ki, Ruslan Abışov 2021-ci ildən “Zirə”nin formasını geyinib. Müdafiəçi karyerasında “Neftçi”, “Xəzər Lənkəran”, “Qəbələ”, “İnter” (hazırkı “Şamaxı”), “Sabah” və Rusiyada “Rubin” klubunun uğurları üçün də çalışıb.