Kişi taekvondoçulardan ibarət Azərbaycan milli komandasında baş məşqçi dəyişikliyi olub.
“Zirvə yolu” Federasiyadan verilən məlumata görə xəbər verir ki, yığma Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarına yeni məşqçilər heyətinin rəhbərliyi altında yollanacaq. Komanda müvəqqəti olaraq, gənclərdən və yeniyetmələrdən ibarət millilərin çalışdırıcılarına həvalə edilib.
“Krakov-2023″də baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanovu müvafiq olaraq, Məmməd Abdullayevlə Rəşad Məmmədov əvəzləyəcəklər. Onların qarşısına maksimum yüksək nəticə qazanmaq hədəfi qoyulub.
Qadınlardan ibarət yığma isə Oyunlarda dayanq üzərinə baş məşqçi Sun Mi Park və böyük məşqçi Hyeyounq Çoinin rəhbərliyi altında çıxacaq.
Azərbaycan III Avropa Oyunlarında 8 taekvondoçu ilə təmsil olunacaq. Yarışda Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) qüvvəsini sınayacaq.
Komandaya ümumi rəhbərliyi Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev edəcək. Polşada ölkəni hakim kimi isə beynəlxalq dərəcəli referi Aygül Abdullayeva təmsil edəcək.
Qeyd edək ki, Avropa Oyunlarında taekvondo yarışları 23-26 iyunda keçiriləcək.