İqtisadiyyat

Taleh Kazımov: “İnflyasiya proqnozumuza inanmayanlarla müzakirələrə açığıq”

Azərbaycan Mərkəzi Bankı (AMB) onun inflyasiya proqnozuna inanmayanlarla müzakirələrə açıqdır.

“Zirvə yolu” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

“Biz illik 11,3 % inflyasiya proqnozlaşdırırıq. Amma bu proqnoza yenə də baxılacaq. Sözsüz ki, biz beynəlxalq maliyyə institutlarının proqnozlarını da nəzərdən keçiririk. Xahiş edirəm ki, kiminsə öz proqnozları varsa, bizimlə müzakirə etsin, paylaşsın. Bizim proqnozumuza inanmayanlarla da biz müzakirəyə hazırıq”, – deyə o qeyd edib.

Baş bankir həmçinin qeyd edib ki, Azərbaycandakı inflyasiyanın bir hissəsi idxal olunan inflyasiyadır: “Aprel ayında 12,8 % inflyasiyanın 6 %-dən çoxu idxal olunan inflyasiya olub. Ümumən, bizim yaşadığımız inflyasiyanın 80 %-ə qədəri idxal olunan inflyasiyadır. Kim istəsə, bunu əsaslandıra bilərik. AMB inflyasiyanın qarşısını almaq üçün bir neçə addım atır, o cümlədən istehlak kreditlərini məhdudlaşdırıb. Sabit məzənnə rejimi nominal effekti ilə inflyasiyaya azaldıcı təsir göstərir. Bizim inflyasiyanı nəzarət altına almaq üçün atacağımız növbəti addım uçot dərəcəsinin effektivliyini artırmaqla bağlı olacaq. Keçən il sentyabr ayından başlayaraq, yeni pul siyasəti həyata keçiririk. Banklararası aylıq dövriyyə artıq 3 milyard manatı ötüb. Bu, tarixi rekorddur, o deməkdir ki, banklar bir-birinə kredit verməyə başlayıb”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir