Azərbaycanda qeyri-enerji sektorunda məhsuldarlığı artırmaq üçün maliyyə resurslarına çıxışın yaxşılaşdırılması, özəl sektor üçün bacarıqlı insan resurslarına çıxışın artırılması və iqtisadiyyatda rəqabət üçün mühitin yaxşılaşdırılması kimi 3 islahat həyata keçirilməlidir.
“Zirvə yolu” xəbər verir ki, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə böyük iqtisadçısı Arvind Nair bildirib.
O, əlavə edib ki, ölkədə iqtisadi artıma nail olunması üçün sürətli islahatların keçirilməsi vacibdir: “Biz bu yaxınlarda Azərbaycan üzrə çox geniş iqtisadi təhlilimizi yekunlaşdırmışdıq. Onun adı “Azərbaycan üzrə iqtisadi memorandum” idi və bu hesabatda belə bir fakt vurğulanırdı ki, Azərbaycan zəruri islahatları aparsa 2050-ci ilə qədər adambaşına gəliri indikindən 40 % artıq ola bilər. Bunu üçün isə müəyyən tədbirlərin görülməsi vacibdir. Ən vacibi özəl sektoru Azərbaycan iqtisadiyyatının lokomotivinə çevirməkdir. Özəl sektorun isə bu rola sahib olması üçün iqtisadiyyatda məhsuldarlığın artırılması vacibdir”.