Sərnişin və yük daşınması sahəsində xüsusi hazırlıq keçməyən sürücülərlə müqavilə bağlayanlar cərimələnəcək
Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması sahəsində xüsusi hazırlıqdan keçməmiş avtonəqliyyat vasitələrinin sürücüləri ilə əmək müqavilələrinin bağlanması qaydalarını pozanlar cərimələnəcək.
“Zirvə yolu”nun xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Belə ki, Məcəlləyə yeni 324-1-ci maddə (Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması sahəsində xüsusi hazırlıqdan keçməmiş avtonəqliyyat vasitələrinin sürücüləri ilə əmək müqavilələrinin bağlanması) əlavə olunur.
Belə ki, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması sahəsində xüsusi hazırlıqdan keçməmiş avtonəqliyyat vasitələrinin sürücüləri ilə əmək müqavilələrinin bağlanmasına görə vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər isə 2 000 manat məbləğində cərimə ediləcək.
Məcəllədə nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 2 000 manat məbləğində, hüquqi şəxslər isə 3 000 manat məbləğində cərimə olunacaq.
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.