Xəbər

“Spring Hotel Novxanı” rəsmən qarətlə məşğuldur… – ŞOK qiymətlər…

 

Gün keçdikcə havanın hərarəti rekord həddə, çatmağa başladığından sərinləmək üçün dənizə üz tutanların sayı artıb. Müştəri bolluğunu görən otel və istirahət mərkəzlərinin sahibləri isə hovuza daxil olmaq üçün 10 manata təklif etdikləri giriş qiymətini 20 manata, qaldırıblar. Novxanı, Pirşağı çimərliklərində yaranmış sıxlıq fürsətcil otel və istirahət mərkəzləri sahiblərinin pula hərisliyini bir qədər də artırmışdır.

Hovuza üz tutan müştərilərə boş stəkanları belə pulla kirayə verən sahibkarları, ancaq imkan varkən daha çox qazanmaq, vəziyyətdən su istifadə edərək varlanmaq düşündürürdü.

Müştərilərin isə nə şikayət edəcəyi bir ünvan vardı, nədəki seçim etmək imkanı. İstirahət mərkəzindəki müştəri bolluğu giriş qiymətindən başqa menyuya da öz təsirini göstərmişdir. Adi günlərdə 5 manata təklif edilən bir çaynikin qiyməti 10 manata yüksəlmişdi. Satışda 50 qəpiyə təklif edilən 0,5 litr qazsız suyun qiyməti 2 manat, 1 litr suyun qiyməti isə 4-5 manata satılırdı.

Adi günlərdə 8 manata satılan bir pors kababın qiyməti istirahət mərkəzlərində 10 manata elə dünənki hava kimi od tutub yanırdı. Baxmayaraq ki, bu qiymət qarşılığında nə normal xidmət vardı, nədəki sanitar-gigiyenik tələblərə cavab verən şərait…

Havanın isti keçməsi dənizkənarı çimərliklərlə yanaşı, əyləncə və istirahət mərkəzlərində də qiymətə təsirsiz ötüşməmişdi. Novxanı qəsəbəsində yerləşən “Spring Hotel Novxanı” istirahət mərkəzinə giriş 15 manatdan 20 manata qalxmışdır. İstirahət mərkəzindən isə bunun həftəsonu ilə əlaqəli olduğunu söylədilər:

“Adi günlərdə bizim istirahət mərkəzinə giriş 15 manat, həftəsonu isə 20 manat olur”. Qeyd edək ki, dənizkənarı əyləncə mərkəzlərində çimərliklə yanaşı, hovuz olduğundan, belə məkanlar uşaqlar üçün daha cəlbedici olur. Amma dənizkənarı istirahət mərkəzlərinə giriş qiymətinin baha olması ilə yanaşı, müştərilərə digər məhdudiyyətlərin tətbiq olunması çox uşaq üçün bu cür məkanları əlçatmaz edir.

“Spring Hotel Novxanı” istirahət mərkəzində uşaqlar üçün 1 litr adi sudan başqa əldə digər qida və sərinləşdirici içkilər gətirməyin yasaq olduğunu bildirdilər. Qeyd edək ki, bu tip istirahət mərkəzlərində sərinləşdirici suların, içkilərin qiyməti satış qiymətlərindən kəskin fərqlənir. Qiymətlərin yüksək olması, süni qiymət artımı, eləcə də bu kimi məhdudiyyətlər dənizkənarı əyləncə və istirahət mərkəzlərini ölkə vətəndaşları ilə yanaşı, büdcə turistləri üçün də əlçatmaz edir.

Bu kimi neqativ hallar isə çimərlik turizminin inkişafına ciddi mane törədir. Ekspertlər də, bu kimi amillərin çimərlik turizminin inkişafına zərbə olduğu fikrindədirlər. Ölkəmizdə çimərlik turizminin inkişaf etdirilməsi dövlətin diqqət və maraq göstərdiyi turizm sahələrindəndir: “Ölkə başçısının imzaladığı “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair Tədbirlər Planı”nı da bu məqsədə xidmət edir.

Çox təəssüf ki, hələki bu istiqamətdə nəzərəçarpacaq dönüş yaratmaq mümkün olmayıb. Halbuki, çimərliklərin standartlara cavab verməsi, sanitar-gigiyenik şəraitə uyğun olması ölkəmizdə çimərlik turizminin inkişaf etməsinə, ölkəmizə gələn turistlərin sayının artmasına gətirib çıxarda bilər”. Çimərliklərə və Hotellərə nəzarət mexanizmi olmasa mövcud vəziyyətin dəyişəcəyinə ümid çox azdır:

“Çimərliklərə hətta hotel və istirahət mərkəzlərinə mütləq şəkildə ciddi nəzarət edən qurum olmalıdır. Əks halda sadaladığımız problemlər hələ bundan sonra da hər yay mövsümündə təkrar olunacaqdır. Çimərliklərin və istirahət mərkəzlərinin demək olar ki, mütləq əksəriyyəti standartlara cavab vermir. Turizm eksperti xarici ölkələrdə çimərliklər üçün standartlar olduğunu, hansı çimərlik standartların tələblərinə cavab verirsə orada bunu təsdiqləyən nişanlar olduğunu bildirir:

“Çimərlik turizminin inkişaf etdiyi ölkələrdə çimərliyin standarta uyğun olub-olmadığını kənardan da görmək mümkündür. Belə çimərliklərə göy rəngli bayraq asılır. Bu bayraq çimərliyin standartın tələblərinə cavab verməsini, sanitar-gigiyenik vəziyyətin norma həddində olduğunu təsdiqləyir. Biz də çimərlik turizmini inkişaf etdirmək, xaricdən turist cəlb etmək üçün ilk növbədə çimərlikləri standartların, sanitar-gigiyenik normaların tələblərinə uyğunlaşdırmalıyıq. Bundan sonra isə çimərliklərə ciddi nəzarət olmalıdır.

Qiymətlərin süni şəkildə bahalaşdırılması hallarının qarşısı alınmalıdır. Əgər turist kənarda mağazadan aldığı sərinləşdirici içkini çimərlikdə, yaxud istirahət mərkəzində iki-üç qat baha qiymətə alırsa təbii ki, növbəti il həmin turist bir də bizim çimərliklərə üz tutmayacaq. Xarici ölkələrdə bu məsələlərə ciddi nəzarət var”. Çimərliklərə, eləcə də istirahət əyləncə mərkəzlərinə giriş üçün fantastik qiymət müəyyən etmək düzgün deyil: “Biz hər zaman demişşik ki, çimərliklər pulsuz olmalıdır.

Sahibkar orada hansısa xidmət göstərirsə onun pulunu müştəridən ala bilər. Qiymətlər də, xidmətin səviyyəsinə uyğun olmalıdır. Müştərinin bolluğundan istifadə edib fantastik qiymət qoymaq olmaz. Dənizkənarı istirahət və əyləncə mərkəzlərinin də mütləq əksəriyyətinin bir tərəfi çimərlik üçün nəzərdə tutulub. Burada bir-iki hovuz, uşaqlar üçün əyləncə imkanı qurub yaratmağa görə, giriş qiymətini kəllə-çarxa qaldırmaq olmaz.

Nəzərə almaq lazımdır ki, yerli əhali kimi turistlər arasında da azbüdcəli turistlər var. Onlar belə məkanlarda adambaşına girişin qiymətini öyrənib elə qapıdanca geri qayıdırlar. Növbəti ildə isə çimərlik turizmi üçün əlverişli və sərfəli şəraiti olan başqa ölkələrə üz tuturlar. Çox təəssüf ki, bizim dənizkənarı istirahət mərkəzləri qışda qazanmadıqlarının da əvəzini yaydan çıxırlar. Girişə elə qiymət qoyurlar ki, həmin qiymətə ancaq çox imkanı olan turistlər gəlib dincələ bilər.

Müştərinin çantasını yoxlayıb qida, su axtarmaq çox yalnış yanaşmadır, biyabırçılıqdır. Qaydalar tərtib olunmalı, bütün bunlar həmin qaydalarda öz əksini tapmalıdır. Ona görə də, bütün bunların hamısına nəzarət mexanizmi olmalıdır ki, çimərlik turizmini bu mövsüm olmasa da, növbəti mövsümlərdə dirçəldə bilər”.

Qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq.

AZƏRBAYCANREALLIĞI.COM

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir