“Bakı Metropoliteni” QSC-nin “28 May” stansiyasının II vestibülünün 2009-cu il dekabrın 30-dan istismarda olan eskalatorlarından birinin ilk dəfə əsaslı təmirinə başlanılıb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə qurumdan bildirilib.
Məlumata görə, 150 min km-dən artıq qaçış məsafəsi olan “ET-3 M” tipli 3 saylı eskalatorun təmiri zamanı lazım olan materiallar, tərtibatlar, ehtiyat hissələri və alətlər əvvəlcədən tədarük edilib. Bununla yanaşı, stansiya və digər işçilər müvafiq təlimat keçiblər, təhlükəsizlik tədbirləri görülüb.
Hazırda eskalator pillələri demontaj olunur, sürahi elementləri sökülür. Bu işlər başa çatdıqdan sonra dartı zənciri çıxarılaraq əyləc sisteminin elementləri, reduktor, mühərrik sökülərək təftiş olunacaq.
Demontaj işləri tam başa çatdıqdan sonra eskalatorda fermaların səviyyəsi və digər parametrlərin ölçülməsi üzrə işlər aparılacaq. Hissələrin və qovşaqların təftişi, yoxlama və təmirindən sonra isə quraşdırma işlərinə başlanılacaq.
İşlər sentyabrın 15-nə kimi davam edəcək. Sonrakı dövrdə qaçış məsafəsindən asılı olaraq, digər eskalatorların ilk əsaslı təmiri də planlaşdırılacaq.