Dərman vasitələrinin Azərbaycan ərazisinə idxalına icazə verilməsi qaydası müəyyənləşir
Dərman vasitələrinin Azərbaycan ərazisinə idxalına icazə verilməsi qaydası müəyyənləşir.
“Zirvə yolu”nun xəbərinə görə, bununla bağlı “Dərman vasitələri haqqında” qanuna yeni 9-1-ci maddə (Dərman vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxalına icazə verilməsi) əlavə edilir.
Yeni maddəyə əsasən, dərman vasitələrinin idxalına icazənin, onun dublikatının verilməsi, icazənin yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ləğvi “Lisenziyalar və icazələr haqqında”, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunlarına və bu Qanuna uyğun olaraq həyata keçirilir.
Dərman vasitələrinin idxalına icazə bir mal partiyası şəklində idxal edilən mallara verilir və həmin mallara münasibətdə qüvvədə olur.
Bu maddənin müddəaları bu qanunun 6.5.4-cü, 6.5.6-cı, 6.5.9-cu, 9.2-ci, 9.3-cü və 9.6-cı maddələrində nəzərdə tutulan dərman vasitələrinin, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən dərman vasitələrinin idxalına hallarına şamil edilmir.
Dərman vasitələri, qablaşdırılmamış dərman vasitələri və dərman maddələri idxal olunarkən ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
dərman vasitələrinin istehsalı və (və ya) topdansatışı fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə verilmiş lisenziyanın və onun əlavəsinin surəti;
lisenziyada və ya onun əlavəsində göstərilən obyektlərin (idxalın həyata keçiriləcəyi anbarların, sahələrin) üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti;
idxal olunan malın alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surəti (müqavilə xarici dildə olduqda, həmçinin onun Azərbaycan dilinə notariat qaydasında təsdiq edilmiş tərcüməsi);
kağız və ya elektron hesab-fakturanın (invoysun) surəti (idxal olunan malın hər birinin seriyası hesab-fakturada əks olunmadığı halda, həmçinin qablaşdırma vərəqəsi);
malın hər bir partiyasının keyfiyyətinə dair istehsalçının verdiyi sertifikatın surəti;
mənşə sertifikatının surəti.