Azərbaycan klubları “Sabah” və “Qəbələ”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
“Zirvə yolu”nun məlumatına görə, UEFA yarış iştirakçılarını qruplaşdırıb.
“Sabah” bu raundda ÇFR (Rumıniya), “Hapoel” (Beer-Şeva, İsrail), “Legiya” (Polşa), “Dunayska Streda” (Slovakiya) – “Dila” (Gürcüstan) cütünün qalibi və ya “Makedoniya” (Şimali Makedoniya) – RFŞ (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.
“Qəbələ” isə “Fənərbağça” (Türkiyə), PAOK (Yunanıstan), “Omonoiya” (Kipr), “Vaduts” (Lixtenşteyn) – “Neman” (Belarus) cütünün qalibi və ya “Hegelmann (Litva) – “Şkupi” (Şimali Makedoniya) cütünün qalibinə rəqib olacaq.
Qeyd edək ki, Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü bu gün Bakı vaxtı ilə saat 15:00-da atılacaq.
“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
“Zirvə yolu”nun məlumatına görə, Azərbaycan klubu bu gün baş tutacaq püşkatma mərasimində üç komanda və iki cütdən birinə rəqib olacaq.
Püşkdə səpələnmişlər səbətində yer alacaq “Neftçi” ilk duelini “Voyvodina” (Serbiya), “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi, “Tirana” (Albaniya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi, “Debretsen” (Macarıstan) və ya MOİK 1948-ə (Bolqarıstan) qarşı keçirəcək.
Qeyd edək ki, Konfrans Liqasında II raundun oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.