Hacıqabulda Gədəbəy ssenarisini kimlər hazırlayır?… Muğan qəsəbəsində “su qiyamı” gözlənilir
Redaksiyamıza Hacıqabul rayonu Muğan qəsəbəsi Ə.Eynullayev küçəsində yaşayan bir qrup sakin tətəfindən şikayət ərizəsi daxil olub. Vətəndaşların sözlərinə görə Hacıqabul rayon su idarəsinin rəisi Hüseynov Anar Əlisuvar oğlu insanlara yayın qızmar çağinda “cəhənnəm əzabı” yaşadır. Sakinlərin dediklərinə görə, hər il may ayından etibarən əhaliyə verilən su xətləri müəmmalı şəkildə bağlanılır. Noyabr ayında isə, içməli suyun verilişi bərpa olunur. Vətəndaşlar üzləşdikləri dözülməz vəziyyətlə bağlı Anar Hüseynova dəfələrlə müraciət etsələr də, rəis onları müxtəlif bəhanələrlə yola verib. Bu azmış kimi, vətəndaşlara məsləhət görürki, maşını 40 manata satılan sudan alaraq istifadə edə bilərlər. Kasıb əhalinin 40 manata aldığı su onların bir neçə günlük tələbatını güclə odəyir. Əhalinin kasıb təbəqəsinin məskunlaşdığı ərazilər yay aylarında əsl cəhənnəmə çevrilir. Susuz qalan kasıb məhəllələrinin bir addımlığında isə, imkanlı şəxslərə məxsus iaşə obyektləri və avtoyuma məntəqələri gecə-gündüz suyu israf etməkdədirlər. Bu ədalətsizliyə Hacıqabul rayonunun rəhbər şəxsləri nəinki göz yumurlar, hətta susuzluqdan əziyyət çəkən körpə, uşaq, ahıl və xəstələrin ah-naləsinə kənardan rişxəndlə tamaşa edirlər.
Yuxarı instansiyaların susqunluğu və biganəliyi isə Su idarəsinin rəisi Anar Hüseynovu daha böyük və dəhşətli cinayətlərə sövq edir. Cəzasızlıq mühiti bu balaca məmuru o həddə çatdırıb ki, boğaza yığılan insanların kütləvi şəkildə etiraz aksiyalarına hazırlaşması barədə gəzən informasiyalar belə onu qətiyyən narahat etmir. Hər yerdən əlləri üzülən sakinlərdən aldığımız məlumatlardan belə aydın olur ki, yüzlərlə insanın iştirakı gözlənilən etiraz aksiyası yaxın günlərdə reallaşacaq. Anar Hüseynova isə elə gəlir ki, əyləşdiyi kreslo ona atası Əlisuvar kişidən miras qalıb. Bu məntiqlə də, dövlətin ona etibar etdiyi strateji vəzifəni çirkli məqsədləri üçün istifadə etməkdədir. Qanunsuzluq və özbaşınalıq o həddə çatıb ki, əhaliyə ancaq payız və qış aylarında su verilməsinə baxmayaraq, yaz və yay aylarında verilməyən suya görə də əhalidən pul yığılır. Çünki, ərazidə sayğaclaşma aparılmayıb. Məhz bu və digər amillər imkan verib ki, Anar Hüseynov külli miqdarda var-dövlət toplaya bilsin. Bizi məlumatlandıran mənbənin sözlərinə görə, Anar Hüseynov rüşvət və korrupsiya əməlləri ilə rayonda ad çıxarıb. Belə ki, əvvəllər “SOCAR”ın nəqliyyat idarəsində qaraj müdiri vəzifəsində işləyən Anar Hüseynov külli miqdarda yeyintiyə yol verdiyinə görə barəsində cinayət işi açılıb. Həbsdən çıxandan sonra müəmmalı şəkildə “Azərsu”da sex rəisi postuna yiyələnib. Korrupsiyanın səviyyəsinə görə ön sıralarda qərar tutan “Azərsu”da Anar Hüseynov kimi kadrlara”ciddi ehtiyac”olduğundan bir müddət sonra Saatlı rayon su idarəsinə rəis göndərilir. Saatlıda rüşvət və korrupsiya əməllərinə görə qısa müddətdə ad çıxardığına görə Hacıqabul rayonuna transfer olunur. Mənbəmizin məlumatlarına görə, Anar Hüseynovun vəzifə yüksəlişlərində doğma dayısı Eldəniz Həsənov böyük rol oynayıb və bu gün də “daydaylıq”missiyasını “ləyaqətlə”yerinə yetirir. Bilirsinizmi Eldəniz Həsənov harada işləyir???.. Kür Su Kəmərləri İdarəsinin rəsi vəzifəsində… Dayı-bacıoğlu cütlüyü əl-ələ verərək dövlətin və əhalinin pullarını dədə malı kimi sormaqdadırlar. Bunları dövlətin və xalqın maraqları qətiyyən narahat etmir.
Hal-hazırda dayı-bacıoğlu cütlüyünün topladığı var-dövlət ətrafında araşdırmalarımız davam edir. Hacıqabulun Talış kəndindəki iki mərtəbəli villa, Şirvan şəhərində 3 otaqlı mənzil, yeni model Hunday Sonata və Kia Sports və digər əmlaklar gələn yazılarımızın mövzusu olacaq. Bizi izləyin ki, küçələrə tökülərək bir qurtum su üçün ah-nalə qoparan insanların qarğışı üzərindən milyonlar qazanan kiçicik məmurların əməllərindən sizlər də agah olasınız.
Məqalə çapa getməzdən əvvəl Anar Hüseynovla əlaqə saxladıq. Vətəndaşların şikayətini votsapp vasitəsilə ona göndərərək qarşı tərəf kimi mövqeyini öyrənməyə cəhd etdik. Amma, aydın oldu ki, bu adam həqiqiqətən də cənab Prezidentin söylədiyi kimi ”harınlamış məmurlar” kateqoriyasına aiddir. Nə qarşı tərəf kimi mövqe bildirdi, nə də növbəti zənglərimizə cavab verdi… Görünən dağa nə bələdçi….
Ardı var………
Adekvat.az