Xaçmaz rayon sakini Cəbiyeva Validə Eldar qızı növbəti dəfə redaksiyamıza müraciət ünvanlayıb. Üç gün əvvəlki müraciətində o Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz Regional Bölməsində işləyən oğlunun sektor müdiri tərəfindən təhqir olunub, döyülməsindən və bu hadisənin rəhbərlik tərəfindən təqdir olunmasından bəhs edirdi. Biz bu müraciət əsasında “Qoşqar Təhməzlinin ərköyün kadrları…-Onlar həm suçlu, həm də güclüdür” sərlövhəli yazı dərc etmişdik.
YAZISI BURADA: AQTA-da CƏNGƏLLİK QANUNLARI… – BUNUN BAŞQA ADI YOXDUR...
Budəfəki müraciətində Validə xanım bir daha oğlunun haqsız olaraq təhqir olunub, döyülməsini xatırladır və hüquq-mühafizə orqanlarına müraciət etdiklərindən bəhs edir:
Oğlumun AQTA-nın Quba-Xaçmaz Regional Bölməsində iş otağında 28.12.2022-ci il tarixdə sektor müdiri tərəfindən döyülməsi ilə bağlı bütün qanuni müraciətlərimizə baxmayaraq biz heç cür həqiqətin aşkara çıxarılmasına nail ola bilmədik. Nə yaxşı ki, oğlum və mən həmin gün həkimə, hüquq-mühafizə orqanlarına müraciət etmişik. Həkimin verdiyi tibbi-ekspertiza rəyində oğlumun sifətində və gicgahında zərbə izi olduğu faktına görə sektor müdirinə inzibati tənbeh verildi. Lakin oğlum da “sən özün öl” cavab ifadəsinə görə inzibati tənbeh olundu. AQTA-nın Quba-Xaçmaz Regional Bölməsinin rəisi Zaur Fərzəliyev oğlumu iş yerində işçilərin yanında döyüb-təhqir edən sektor müdiri haqqında “çox intizamlı, mədəni, öz üzərində çalışan” kadr olduğunu xarakterizə edən xasiyyətnamə verib, onun haqqında Azərbaycan Respublikasının CM-nin müvafiq maddəsilə açılmış cinayət işi məhz bu xassiyyətnaməyə əsaslanaraq bağlanılıb. Hətta oğlumun keçmiş iş yoldaşları belə Fərzəliyev tərəfindən təhrik edilərək bir-birini təkzib edən ifadələr veriblər. Belə ifadə veriblər ki, mən və oğlum orada dava-dalaş etmişik. Həmin ifadələrdən gələn nəticə budur: “Oğlum oturduğu yerdə birdən-birə öz-özünə qışqırıb, sektor müdirinə “sən özün öl” deyib, üzərinə gedib”. Qarşı tərəfin, yəni sektor müdirinin heç bir hərəkətini görməyiblər! Niyə ancaq şahidlərin ifadələrinə yer verilib? Bölmənin inzibati binasında, həyətində quraşdırılan müşahidə videokameraları niyə izlənmədi?
Həmin kameralardakı görüntülər əsasında bizimmi – yoxsa şahidlərinmi və sektor müdirininmi doğru deyib-demədiyi dəqiqliklə aydın olacaqdır. Həmin kameralardakı görüntülər incələnsəydi oğlumun iş otağının qapısından qaçaraq çıxdığını, dəhlizin divarına söykəndiyini, bu zaman çıxdığı iş otağından dəhlizə çay fincanı, stepler və digər yazı ləvazimatlarının “uçduğunu” görmək olardı. Mənim eşidib-bildiyimə görə üzərindən nə qədər çox vaxt keçmiş olsa da, mütəxəssislər vedeokameralardakı görüntüləri müəyyən texniki vasitələrlə təkrar geri qaytara bilər. Bəlkə həqiqəti aşkara çıxarmaq istərsiniz?! Həmin texniki vasitələrlə görüntülər geri qaytarılarsa, kimin doğru, kimin yalan dediyini aşkara çıxarmaq olmazmı?!
Bu hadisə baş verən zaman Bölmənin rəisi Fərzəliyev də orada olub. Bu niyə unudulub? Oraya kollektivə rəhbərlik etmək üçün göndərilməyibmi? Bu dəhşətli hadisə baş verir, lakin rəisə “gözün üstə qaşın var” deyilmir?! Oğlumun şərəf və ləyaqətinin təhqir olunmasına görə Şabran rayon Məhkəməsinə verdiyi şikayət ərizəsi də subyektiv mülahizələrə əsaslanaraq qəbul edilməyib. Apellyasiya Məhkəməsinə verdiyimiz şikayət də təmin olunmadı.
ƏLAVƏ SÖZƏ EHTİYAC VARMI?
Redaksiyadan: Müraciətdə yer alan iddialarla bağlı AQTA-dan açıqlama almaq istədik. Məsələni araşdırıb, mövqe bildirəcəklərini desələr də, olmadı(?)…/yenixeber.org/