Cəmiyyət

Sabirabadda Pənah Hüseynov görün, kimdən GİLEY EDİR… – “Qorxudan məcbur qalıb razılaşdım”

Sabirabad rayonunun Əsgərbəyli kəndində yaşayan Pənah Teymur oğlu Hüseynov icra məmurunun hərəkətindən, Baş Prokurorluğun isə bu barədə şikayəti araşdırmamasından narazıdır. Söhbət Sabirabad rayon İcra Şöbəsinin icraçısına qarşı rüşvət iddialarıyla bağlı şikayətdən gedir.

“Sübutlarımı – səs yazılarını da təqdim eləmişəm”

Pənah Hüseynov Meydan TV-yə bildirib ki, şikayət məktubunu da, orada göstərdiklərini təsdiqləyən səs yazılarını xeyli vaxtdır ki, Baş Prokuror Kamran Əliyev və onun birinci müavininə göndərib. Amma bu qurumdan heç bir reaksiya yoxdur.

Onun sözlərinə görə, şikayət məktubunun surətini paralel olaraq, prezident, birinci vitse-prezident, ədliyyə naziri, daxili işlər naziri və başqa qurumlara da ünvanlayıb. Bu qurumlardan da hələlik səs-soraq gəlməyib:

“Təkcə məktublarla kifayətlənməmişəm. Orada yazdıqlarımın sübutu var – səs yazıları. Onları da hamısına göndərmişəm. Görsünlər ki, deyilənlər sadəcə, söz deyil…”.

Sabirabad rayon İcra Şöbəsində Pənah Hüseynov haqqında icra olunmalı məhkəmə qətnaməsi var. Şikayətçinin sözlərinə görə, həmin qətnamədən sui-istifadə edib, onu hədələyərək, ondan dəfələrlə rüşvət tələb olunub. Əsgərbəyli kənd sakini iddia edir ki, bir neçə dəfə də icra məmurunun hədələrinə baş əymək məcburiyyətində qalıb.

“Qorxudan məcbur qalıb razılaşdım”

“Çünki məni qərarı icra etməmək barədə protokol yazıb, həbs elətdirməklə məni hədələyirdi. Bir dəfə dediyini elədi – ona pul vermədim, o da protokol yazdı, həbs olundum. Mən də qorxudan məcbur olub, deyilənlərlə razılaşırdım”, – Pənah Hüseynov belə deyir.

Bir müddət öncə məhkəmə qərarının icrasından yayınmaya görə rayon məhkəməsinin qərarıyla onun haqqında 8 günlük inzibati həbs qərarı çıxarılıb.
Onun sözlərinə görə, maddi durumu ağır olduğundan qərarı icra edə bilmir:

“Qərarı birdəfəlik icra eləməyə maddi imkan yoxdur. Əlimdə olanda da icraçı tutub məndən alır. Borcdan da çıxılmır. Qalmışam çıxılmaz vəziyyətdə…”.
Pənah Hüseynov Meydan TV-yə Sabirabad rayon İcra Şöbəsində çalışan həmin əməkdaşın kimliyini də açıqlayıb. Həmçinin aralarında olan danışıqların səs yazılarını da təqdim edib. Lakin sözügedən icra məmuru ilə danışıb, səslənən ittihamlarla bağlı onun cavabını öyrənə bilmədiyimizə görə kimiyini açıqlamadıq.

Prokurorluqdan isə Meydan TV-yə bildirilib ki, daxil olan bütün şikayətlərə qanuna uyğun şəkildə baxılır, araşdırılır və cavablandırılır. //Meydan TV//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir