Cəmiyyət

Hökumətin mətbuatla MƏNZİL `PRİKOL`U… – Hamı müraciət edə bilər… amma heç kəsə ev düşmür…

Sahibə Məmmədova (ad şərtidir) 12 ildir ki, Azərbaycanın müxtəlif hökumətyönlü televiziyalarında montajçı, daha sonra isə reportyor kimi çalışır.

Deyir ki, indiyədək ən yüksək aldığı əməkhaqqı 900 manatı keçməyib.

O da son iki ildə artıb, daha öncə maksimum 600-800 manata işləyib.

Dediyinə görə, həm uşağın və ailənin maddi tələbatı, həm də kirayə qalmaqla indiyədək özlərinə ev ala bilməyiblər:

“Kirayələr də getdikcə bahalaşır. Əvvəl 300 manata tapmaq mümkün idisə, indi normal mənzillərin aylığı 400-500 manatdan başlayır. Maaşımın 50 faizi kirayəyə gedir. Yoldaşımla birgə gəlirimizin isə 35 faizi mənzil kirayəsinə, kommunallara xərclənir. İllərdir ki, pul toplayıb mənzil ala bilməmişik və indi bu, mümkün deyil. Hətta ikinci uşağı məhz evsizliyə görə istəmədik”.

Azərbaycanda yenicə güzəştli mənzil ala biləcək peşə sahiblərinin sırasına jurnalistləri də əlavə ediblər, lakin bəzi şərtlər var.

Qaydalara əsasən, 35 yaşa qədər ən azı 5 il jurnalist işləyən, 35 yaşdan yuxarı 15 il jurnalist işləyən şəxs bu güzəştli ipotekadan istifadə edə bilər.

Tələb olunan sənədlərdə mütləq 5 il və 15 il əmək kitabçasında qeyd olunmalıdır. Yəni ancaq əmək müqaviləsi ilə işləmiş və ya işləyən şəxslər yararlana biləcək.

MİDA iyulun 29-a satış elan edib. Artıq sənədlər toplanma mərhələsindədir.

2021-ci ilin sonu Azərbaycanda qəbul edilən “Media haqqında” Qanun qəbul olunub.

Yeni qanun həmçinin media və jurnalistlərin vahid reyestrinin yaradılmasını nəzərdə tutur.

Reyestrin aparılması qaydaları ölkə başçısının 26 sentyabr 2022-ci ilə tarixli Fərmanı ilə təsdiq edilib.

Həmin vaxt MİDA rəsmiləri açıqlamalarında reyestrdən keçən jurnalistlərin dövlətin güzəştlərindən faydalanacağını bildirmişdi.

İndi jurnalistlər güzəştli mənzil almaqla bağlı imtiyazlılar siyahısına əlavə edilsə də, onlardan əlavə şərtlər tələb edilir.

Sahibə Məmmədova bildirir ki, o da bu il reyestrə müraciət edib, keçib.

Mənzillə bağlı məsələyə gəlincə, o düşünür ki, şərtləri ağırdır:

“Mən bir müddət müqavilə ilə çalışmışam. Əmək kitabçamda olan təcrübə reyestrə bəs edir, lakin ev almaq üçün kifayət deyil. Bircə mənzil söhbətini eşidəndə sevindim. Sonra oxudum ki, mən yaxınına da dura bilmirəm. Bu il də, gələn il də, belə çıxır ki, ömrümüzün sonunadək kirayələrdə sürünəcəyik”.

Meydan TV-nin əməkdaşı prosesin necə baş verdiyini öyrənmək üçün MİDA-nın “qaynar xətti” ilə əlaqə saxlayıb və güzəştli mənzil almaq üçün kabinetin necə yarada biləcəyini öyrənməyə çalışıb.

15 ildən çox jurnalist kimi çalışmış, lakin əmək kitabçasında stajının az olan jurnalistə: “Təəssüf ki, müddət uyğun gəlmir, siz güzəştli mənzil almaq üçün uyğun sayılmırsınız”, – cavabı verilib.

“Reyestrdən keçənlərə güzəştli dövlət imtiyazlarından istifadə edə biləcəkləri deyilmişdi, yalan idi?” sualına isə belə cavab verilib: “Doğrudur, reyestrdən keçən şəxslər müraciət edə bilir. Gənc ailələr də, digərləri də müraciət edə bilər. Sadəcə, sizin yaşınıza görə stajınız şərtlərə uyğun gəlmir. Müraciət edə bilərsiniz, lakin imtina gələcək”. //Meydan TV//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir