Manşet Siyasət

Konstitusiya Məhkəməsinin yaradılmasının 25 illik yubileyi qeyd olunub

İyulun 14-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 25 ili tamam olur. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Konstitusiya Məhkəməsi 1998-ci il iyulun 14-də fəaliyyətə başlayıb.

“Zirvə yolu” xəbər verir ki, yubiley münasibətilə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iyulun 14-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Yubiley tədbiri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin inzibati binasında davam etdirilib.

Tədbirdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev yubiley münasibətilə Məhkəmənin hakimlərini və Aparatın əməkdaşlarını təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasının 25 illik yubileyinin müstəqil Azərbaycanın həyatında və hüquq sistemində mühüm hadisə olduğunu qeyd edən sədr bu münasibətlə tədbirlərin keçirildiyini, o cümlədən bir neçə gün əvvəl Bakıda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 illik yubileyi ilə əlaqədar “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı” mövzusunda beynəlxalq konfransın təşkil edildiyini bildirib.

Sədr diqqətə çatdirdi ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 25 illiyi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2023-cü il tarixli Sərəncamı ilə Məhkəmənin hakimləri, məsul əməkdaşları 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif ediliblər.

Sədr Fərhad Abdullayev təltif Sərəncamına görə Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevə Konstitusiya Məhkəməsinin bütün kollektivi adından öz dərin təşəkkürünü və minnətdarlığını bildirib.

Sədr təltif edilən həmkarları təbrik edərək qeyd etdi ki, bu təltiflər cənab Prezidentin Konstitusiya Məhkəməsinin fəaliyyətinə verdiyi bu qiymət Məhkəmənin kollektivi üçün yüksək etimadın təzahürüdür və Konstitusiya Məhkəməsi öz fəaliyyəti ilə bu etimadı doğrultmağa daim çalışacaqdır.

Vurğulanıb ki, Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və qəbul olunmuş Azərbaycanın ilk Konstitusiyası ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təminatı olmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoyub. Azərbaycan Respublikasının ərazisinin vahid, toxunulmaz və bölünməz olduğunu bəyan edən Əsas Qanun bir çox mütərəqqi və demokratik prinsipləri və dəyərləri özündə ehtiva edib.

Fərhad Abdullayev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının 1995-ci ildə qəbulundan sonra ölkəmizdə hüquqi dövlət quruculuğu yolunda mühüm addım atıldı. Hüquqi dövlət quruculuğunda və onun inkişafında Konstitusiya nəzarəti orqanının yaradılmasının zəruriliyini uzaqgörənliklə nəzərə alan Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. Ümummilli lider Heydər Əliyevin Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasında və cəmiyyətdə layiq olduğu yeri tapmasında mühüm xidmətləri Məhkəmənin kollektivi tərəfindən daim böyük minnətdarlıq hissi ilə anılır. Bu gün də Məhkəmənin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək Əbədiyaşar Liderin xatirəsinə dərin ehtiramlarını bildirdilər.

Fərhad Abdullayev Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin daim Konstitusiya Məhkəməsinə diqqət və qayğı göstərdiklərini, Məhkəmənin fəaliyyətini yüksək qiymətləndirdiklərini xüsusi qeyd edib.

Sədr xüsusilə vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Konstitusiya Məhkəməsinin 25 illiyi ilə əlaqədar təbrik məktubunun ünvanlaması və Dövlət Başçısı tərəfindən Konstitusiya Məhkəməsinin fəaliyyətini yüksək qiymətləndirilməsi Konstitusiya Məhkəməsinin bütün kollektivini ruhlandırır.

Konstitusiya Məhkəməsi Plenumunun bu günə kimi 545 qərar qəbul etdiyini diqqətə çatdıran Fərhad Abdullayev qeyd edib ki, bu qərarlar hüququn bütün sahələrinə mühüm təsir göstərib. Hüquqi dövlət quruculuğuna öz töhfəsini vermiş həmin qərarlarda Konstitusiyanın aliliyinin təmin edilməsinə yönəlmiş mühüm hüquqi mövqelər öz əksini tapıb.

Bu qərarların təkcə məhkəmələrin fəaliyyətinə deyil, bütün hüquq münasibətlərinə və digər sahələrə də əhəmiyyətli təsiri hiss olunur. Bütün bu amillər Konstitusiya Məhkəməsinin dövlətimizin və cəmiyyətimizin həyatında, ölkəmizin məhkəmə-hüquq sistemində vacib rol oynadığını nümayiş etdirir.

Sədr vurğulayıb ki, bu gün Konstitusiyada təsbit edilmiş Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Dövlətimizin Başçısı İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın işğaldan azad edilməsində qazanılan tarixi Qələbə hər birimizi qürurlandırır, işlədiyimiz sahə üzrə fəaliyyətimizdə daha əzmlə çalışmağa sövq edir.

Bildirilib ki, otuz ilə yaxın davam etmiş işğala son qoyulmaqla, beynəlxalq hüquq normalarının aliliyi təmin edildi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində öz şücaəti ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Vətənimizin torpaqlarının Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi ölkəmizin Konstitusiyasında və bir çox beynəlxalq hüquq müqavilələrində təsbit edilmiş bir sıra əsas insan hüquq və azadlıqlarının təmin olunmasına imkan verdi.

Vurğulanıb ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hər zaman olduğu kimi, insan hüquq və azadlıqlarının qorunması, müstəqil Azərbaycanın Əsas Qanunu olan Konstitusiyanın müddəalarının müdafiəsi, müstəqil dövlətimizin möhkəmləndirilməsi, xalqımızın maddi, mənəvi rifahının daha da yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi fəaliyyətinə dəstək olaraq, üzərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə çalışacaq.

Yubiley tədbirinə yekun vuran Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Məhkəmənin fəaliyyətinə və onun kollektivinə göstərdiyi yüksək diqqətə görə kollektivin adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bir daha dərin minnətdarlığını ifadə edib. Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin kollektivinin dövlətimizin başçısının bu yüksək etimadını layiqincə doğrultmaq üçün bundan sonra da əzmlə çalışacağını bildirib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir