Cəmiyyət

Milyonları talayan Barış Demirin “bəraət taktikası”: – “BIN GROUP”un sahibindən ağlasığmaz fənd

2013-cü ildən etibarən, Azərbaycanın inşaat sektorunda fəaliyyət göstərən Türkiyənin “BIN GROUP” şirkəti ilə yerli kompaniyalar arasında sonu görünməyən ziddiyyətlərlə bağlı məlumatlar yayılmaqdadır.

Sözügedən narazılıqların pik nöqtəsi isə “BIN GROUP”un “Park Çinar” Mənzil-Tikinti Kooperativi tərəfindən 2019-cu ildə məhkəməyə verilməsi oldu. Kooperativin belə bir addım atmaq məcburiyyətin isə “BIN GROUP”un müqavilə öhdəliklərini yerinə yetirməməsi olub. Hesab edilə bilərdi ki, hüquq müstəvisinə çıxarılan bu məsələ tezliklə öz həllini tapacaq və qarşıdurmaya son qoyulacaq.

Ancaq görünür, bu proses “BIN GROUP” şirkəti tərəfindən özünü “zərərçəkmiş” qismində tanıtmaq üçün sadəcə, bir vasitə imiş. Belə olmasaydı, şirkətin rəhbəri Barış Dəmir üzərinə götürdüyü öhdəlikləri vaxtinda və keyfiyyətlə yerinə yetirmək əvəzinə, xanımı Zəhra Dəmiri irəli verərək, şantaj və təhrikçiliyə əl atmazdı.

İstənilən ziddiyyətin həlli üçün ən münasib platformanın hüquq müstəvisi olduğunu nəzərə alsaq, “Park Çinar” Mənzil-Tikinti Kooperativinin “BIN GROUP” şirkətini məhkəməyə verməsi tam normal addımdır. Ancaq türkiyəli iş adamının xanımının nəzərində vəziyyət tamamilə başqadır.

Zəhra Dəmir “BIN GROUP” şirkəti məhkəməyə verildikdən sonra sosial şəbəkələrdə, xüsusən də, müxalif kanallara çıxaraq həyat yoldaşı və özünü “aydan arı, sudan duru” elan etməklə, Azərbaycanın müvafiq dövlət qurumlarına yönəlik hədyanlar səsləndirməkdən də çəkinmir. Şantaj cəhdləri nəticəsiz qaldıqda isə qaldırıcı krana çıxaraq intihar imitasiyasiyasına əl atacaq qədər irəli gedir.

Əslində, nə baş verib və bu qarşıdurmanın kökündə nə dayanır?

Əldə edilən məlumatlara əsasən, sözügedən məhkəmə iddiasının təməlində “BIN GROUP” şirkətinin imzaladığı podrat müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi dayanır. Buna görə iddiaçı tərəfi nədəsə suçlamaq mümkün deyil.

Ancaq çox maraqlıdır ki, “BIN GROUP” şirkəti müqavilə öhdəliklərinə əməl etməsə də, Dəmir ailəsi öz sərvətini və komfortunu inanılmaz dərəcədə artırmağa nail olub. Soruşula bilər, nəyin hesabına? İddialara əsasən, Azərbaycandan fəaliyyətə başladıqdan bir müddət sonra gözəl həyat quran Dəmir ailəsi bahalı avtomobilləri artıq sıraya düzüb. Bu komfortun şirkətdə çalışan işçilərin haqqının yeyilməsi hesabına yaradıldğı da dolaşan iddialar sırasındadır.

Paradoksa baxın, “BIN GROUP”un sahibi müqavilə ilə aldığı sifarişin pullarını talayır, hesab vermək vaxtı gələndə isə xanımını irəli çəkərək şantaja əl atır.

Yeri gəlmişkən, “BIN GROUP”un problem yaratdığı şirkət sadəcə, “Park Çinar” deyil. Dəmir ailəsi “Colin”, “Kalyon”, “Cengiz İnşaat” şirkətlərinə də analoji problemlər yaradaraq onlarla imzalanan müqavilə öhdəliklərinə əməl etməməklə həmin qurumları çətin vəziyyətə salıb.

Lakin özünü haqlı çıxarmağa çalışan “BIN GROUP”un rəhbərliyi fəaliyyətindəki çatışmazlıqları aradan qaldırmaqdansa, çətin duruma saldığı şirkətləri məhkəməyə verir. Təbii ki hər dəfə də uduzur. Dəmir ailəsinin çıxardığı “komediya” da bundan sonra başlayır.

Ancaq bu “komediya”nın davamında və finalında gülən tərəf heç bir halda türkiyəli iş adamı və onun xanımı olmayacaq.

Dia.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir