Zirveyolu.info bildirir ki, bunu Meydan TV-yə Şəmkir rayonu Qaçaq Nəbi küçəsi 73-də yaşayan Vüqar Əliyev bildirib. Onun sözlərinə görə, 2005-ci il təvəllüdlü Kənan Əliyev şəkərli diabetdən əziyyət çəkir.
“İnsulin də daxil olmaqla dərmanları, o cümlədən hər gün şəkəri yoxlamaq üçün lazım olan alətləri özüm alıram. Artıq evimdə satmağa heç nə qalmayıb. Şəmkir Mərkəzi Xəstəxanasından deyirlər ki, Bakıdan dərmanlar göndərilmir. Uşaq 3 yaşından bəri yalnız dərmanlarla yaşayır. Çıxılmaz vəziyyətdəyik”,- Əliyev deyib.
O qeyd edib ki, övladı uzun illər müxtəlif xəstəxanalarda müalicə alıb. Lakin sağalması mümkün deyil. Əvvəllər təqaüd alsa da, sonradan pensiya da kəsilib:
“Ayda tək dərmanlara 300 manat lazımdır. Əgər dərmanlar vaxtı-vaxtında verilməsə, bizim kimi xəstələr necə yaşaya bilərlər? Ayda 3 dəfə dərman alırıq”.
İcbari Sığorta üzrə Dövlət Agentliyindən Meydan TV-yə bildiriblər ki, şəkərli diabet xəstəliyinə düçar olmuş şəxslərin müalicəsi və dərman preparatları ilə təminatı “Şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Proqram üzrə agentlik TƏBİB-dən daxil olan siyahıya əsasən dərman və tibbi sərflərin satınalmasını həyata keçirir. Dərman vasitələri dövlət tibb müəssisələrinə, o cümlədən Şəmkir Rayon Mərkəzi Xəstəxanasına da paylanılır və şəkərli diabetdən əziyyət çəkən vətəndaşlar xəstəxanaya müraciət edərək ödənişsiz olaraq dərman və tibbi sərfləri əldə edirlər.
Kənan Əliyevin dərmanla təminatı ilə bağlı xəstəxanaya məlumat verilib. Xəstəxananın direkor köməkçisi Liliya Məmmədova bildirib ki, K.Əliyev 2021-ci ilin dekabrın 22-də qeydiyyata alınıb. Həmim tarixdən bu ilin iyulun 4-nə qədər hər ay ona təyin olunan dərman preparatları (İnsulin Novorapid, İnsulin Deqludek) və şəkər çöpləri ilə ödənişsiz təmin olunur.