Naxçıvan Muxtar Respublikası (MR), Culfa rayon sakini Babayev Uğur Cavanşir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onu haqsız yerə işdən uzaqlaşdırıblar.
“Mən, Babayev Uğur Cavanşir oğlu, yazaraq sizə bildirirəm ki, məni haqsız yerə işdən çıxarıblar.
2018-ci ildən 2023-cu ilin yanvar ayına kimi hərbi xidmətdə əsgər, maxe, manqa komandiri vəzifələrində xidmət etmişəm. 5 il xidmətdə olmuşam. Mənə hələ də qaranlıq qalır ki, işə son verməkdə kimlərin marağı olub?
Səbəbini, niyəsini bilmədən mənə 1 gün içində 5 cəza verilb. 13-14-cü əmək haqqım, maddi yardımlarım kəsilib. N saylı hərbi hissədən təcili olaraq digər hərbi hissəyə göndərilmişəm. Dəfələrlə pul cəzası ödəmişəm. Sonda isə 156 E bəndi ilə işdən çıxarılmışam.
İşdən çıxarıldıqdan sonra isə, həbs olunmamaq üçün məhkəməyə 1 016 AZN pul ödəmişəm. Çünki mənə dedilər ki, pulu ödəməsən, inzibati qaydada həbs olunacaqsan.
Azərbaycan da heç yerdə iş tapa bilmədim. Heç bir sahibkar məni işə götürmür. Məcbur qalıb, işə görə İstanbul şəhərinə gəlmişəm. Mənim iş həyatımı məhv ediblər”.