Xəbər

AAAF Park sakinindən ŞİKAYƏT – “Həyətimizi zəbt edib qanunsuz obyekt tikirlər”

Xırdalan şəhəri AAAF Park Yaşayış Kompleksinin girişində qanunsuz tikinti işləri aparılır.

DİA.AZ bildirir ki, bununla bağlı Bizim.Media-ya sözügedən Kompleksin sakini Rasim Adıgözəlov müraciət edib.

İddiasına görə yaşadığı Xırdalan şəhəri Heydər Əliyev prospekti 167, 24 saylı küçədəki binanın həyəti qanunsuz zəbt edilib. 6 sotluq ərazidə 2 mərtəbəli obyekt tikilir və tikinti işlərinə təxminən 1 həftəyə yaxındır ki, başlanıb.

Şikayətçi yaşadığı binanın həyətinin həm sakinlərə, həm də uşaqların oyun oynamaq üçün məhdudlaşdırıldığından gileylənib:

“Yaşadığım binanın həyətini qanunsuz zəbt edib obyekt tikirlər. Mənim kimi burada yaşayan xeyli sayda sakin qanunsuz zəbtetmədən narazıdır. Binanın həyətində uşaqlar velosiped sürür, futbol oynayır, sakinlər bu hissədən hərəkət edir. 3 yan-yana böyük binanın üz hissəsi yanğına davamsız penaplas üzlükdən ibarətdir. Bu isə gələcəkdə baş verəcək yanğın hadisəsinə görə çox böyük təhlükədir. Üstəlik yanğınsöndürən maşınların əraziyə girib çıxması mümkün olmayacaq.

Gecə-gündüz tikinti aparılır. Ərazidəki ağacları öz vəsaitimiz hesabına əkmişik. Artıq ağaclardan birini qoparıb atıblar. 10-a yaxın 10 illik ağacları da çox güman ki, məhv edəcəklər. Tikintini aparan şirkət ərazidəki yolda hərəkəti də məhdudlaşdırıb. AAAF Park bu əraziləri kiməsə satıb və özbaşına tikinti gedir. Şirkətlə müqavilə bağlayan hansısa sahibkar ötən dəfə əraziyə gəlmişdi. Etirazımızı bildirdik. “Bura ata yurdumdur, nə istəyərəm tikərəm”.

Şikayətçinin sözlərinə görə 215 mənzilli əhali riskə atıldığı üçün FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə bu barədə müraciət ediblər.

Qurumdan əraziyə baxış keçirilsə də, tikinti dayandırılmayıb və etiraz edən vətəndaşlara hər hansı məlumat verilməyib.

Qeyd edək ki, sözügedən problemlə bağlı tikinti normalarına və qaydalarına da riayət olunmayıb. Bina ilə yeni tikinti arasında 4 metr ara məsafəsi saxlanılıb. Halbuki binalar arasındakı məsafə yan-yana binalarının hündürlüklərinin cəmi qədər olmalıdır. Minimum isə ikisinin hündürlüyünün cəminin yarısı qədər olmalıdır. Əgər evlərin arasında yol varsa, yolun eni ən azı iki metr olmalıdır. Yoldan sonra isə iki metr səki olmalıdır. Bütün bunlara riayət olunarsa, həmin kompleksdəki binaların arasında 25-30 metrə qədər məsafə olmalıdır.

Məsələ ilə bağlı FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət etsək də, qurumdan sorğumuza qarşı səssizlik nümayiş etdirilib.

Ayrıca AAAF Parkla da əlaqə saxladıq. Şirkətin satış rəsmisi Səidə xanım səlahiyyətli şəxs olmadığı üçün məsələ barədə açıqlama verə bilməyəcəyini söyləyib.

Adlarını çəkdiyimiz qurumların mövqeyini dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.

VİDEO BURADA:
https://player.bizim.media?v=19934&share_user_id=

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir