Cəmiyyət

Mikayıl müəllim ARTIQ TƏZƏ DEYİL… – NİYƏ BAŞ NAZİR OLA BİLM(ƏDİ)İR?

Ölkəmizdə bir məmur var ki, səhər işə Təhsil naziri kimi gedib axşam İqtisadiyyat naziri kimi qayıdıb. Yaxud naharda SOCAR-ın Müşahidə Şurasının sədri kimi təqdim edildiyi halda gecədən xeyli keçmiş Tarif Şurasının sədri kimi qərarlar qəbul edib. O Sahibkarlığın İnkişafı Fondunu inkişaf etdirir, “Təmiz Şəhər” ASC-nin təmizliyini qoruyur, ölkənin tranzit yükdaşımalarını koordinasiya edir, dayanıqlı inkişafımızı əlaqələndirir, Qarabağ Dirçəliş Fondunu dirçəldir, Badminton Federasiyasına rəhbərlik etməklə idmanımızın inkişafına töhfələr verir. Necə deyərlər, onun qılıncının dalı da kəsir, qabağı da. Çünki Azərbaycan Qılıncoynatma Federasiyasının da sədridir.
Bəli, bu şəxs fövqəladə istedada malik olan və hərtərəfli fəaliyyətlə məşğul olan şəxs Mikayıl Cabbarovdur. Onu ən azı 30 titulla təqdim etmək olar. Ölkənin bütün iqtisadi-siyasi sferasını əhatə edən sahələr demək olar ki, onun rəhbərliyi altında birləşdirilib. Verilən məlumatlara görə, hətta başda Elza xanım olmaqla, yazıçılar İttifaqında da, narazılıqlar başlanıb, mədəniyyət işçiləri küsüblər. AFFA-da af-uf edənlərin sayı çoxalıb, teatr xadimləri “olum, yaxud ölüm” dilemması qarşısında qalıblar. Hamısı da tələb edir ki, niyə bizim idarələrimizə Mikayıl müəllim rəhbərlik eləmir? Deyirlər necə olur ki, cənab Cabbarov Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasına, Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasına, Dövlət Vergilər Xidmətinə, Dövlət Əmlak Xidmətinə , İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə, “Azərlotereya” ASC-yə , Bakı Biznes Mərkəzinə rəhbərlik edə bilir, amma güldən-bülbüldən yazan binəva şairlərə, yaxud “ay canı yanmış” oxuyan sənət adamlarına rəhbərlik edə bilmir? İnsafən adamlar haqlıdır.
O nazirlər naziridir, amma Baş nazir deyil. Biz hələ xeyli əvvəl onun Baş nazir olmasını təklif etmişdik. Hətda bu barədə oxucularımıza yazı da təqdim etmişdik İnanırıq ki heç Əli Əsədov da buna etiraz etməz. Qalır bircə cənab prezidentin bunu rəsmiləşdirməsinə. Çünki bu minvalla Mikayıl müəllim heç özü də bilmir ki, hansı işlə məşğul olsun. Onu bu qədər ağır yükün altından xilas etməyin yeganə yolu elə Baş nazir təyin olunmasıdır. Xülasə, gələk əsas məsələyə. Son vaxtlar çox hörmətli Mikayıl müəllimin vəkalətliyi ilə dövlət strukturlarına qohum- əqrabadan ibarət yerləşdirdiyi məmurlar artıq kütləvi narazılıqlar yaradıb. O cümlədən bir az əvvəl məhşur jurnalist E. Fətullayevin fb səhfəsində paylaşdığı statusdan da bunu görmək olar
Statusu olduğu kimi dərc edirik.
“Mikayıl Cabbarov və qohumbazlıq (nepotizm)
Uzun illər ərzində Azərbaycan məmurlarını qohumbazlıq sindromuna görə tənqid edib ittiham edirdik. Hətta Nazirlər Kabinetini qeyri-rəsmi Qudalar Kabineti adlandırıb, nepotizmə – yəni, yaxın qohumların və dostların peşəkar keyfiyyətlərinə görə yox, şəxsi münasibətlərə görə irəliyə çəkilməsinə, eyham vururduq. Lakin cəmiyyətimizin həyatında islahat şüarı ilə Mikayıl Cabbarov peyda olundu. Əski sistemi viran etsə də, fəqət yeni siyasətin bəhrələrinin intizarındayıq. Amma intizar çox çəkdi… Səbrli millətik, gözləyərik!
Lakin diqqətimi çəkən odur ki, dövlət vəzifələrində, biznes institutlarında, iyerarxiyada Mikayıl müəllimin xeyli sayda qohumlarının peyda olunmasıdır. Hara ayağını basmırsan Mikayıl müəllim və ya onun qohumları üzə çıxır. Sual doğur – bəs bu istedadlı şəxslər niyə əvvəllər öz qabiliyyətlərini ifadə etmirdi? Nə baş verdi birdən-birə? Bu möcüzənin səbəbi və ya səbəbkarı kimdir və ya nədir? Səbəb – nepotizm, səbəbkar isə Cabbarovlar klanının xaç atası Mikayıl müəllimdir. Özü də ki, bu hörmətli şəxslərin hamısı birdən-birə var-dövlətə sahib çıxıb, zəngin həyat sürdülər. Vicdanla danışsaq, heç Ramiz Mehdiyevin hakimiyyətdə bu qədər qohum-əqrəbası olmayıb… Bəs maraqların konflikti? Bəs nepotizm? Bəs islahat? Bəs abır-həya?
Mütləqi-hakim Cabbarovun xalası oğlu Elnur Əliyev elə iqtisadiyyat nazirinin müavini vəzifəsində, bacanağı Zakir İbrahimov Azərgoldun başında, dayısı oğlu Balaş Qasımov İTV-nin rəhbəri kürsüsündə, obirisi qohumu Camal Qasımov Vergilər Nazirliyində Vergi Auditi Departamentinin baş direktoru postunda… Siyahını uzatmaq da olar. Məsələn, bu günlərdə Cabbarovun yaxın qohumu Abdulla Tağıyev “SOCAR Petroleum” QSC-nin baş direktoru vəzifəsinə əyləşdirildi… Yaman proqressiv islahatçıdır bizim bu Mikayıl müəllim”
Nicat Mahmudov
 //rubrika.az//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir