Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin nəşr etdirdiyi Əkinçi qəzeti ilə Azərbaycan Milli Mətbuatının əsasının qoyulması 22 İyul Milli Mətbuat və Jurnalistika günü
Bir millətin böyüklüyü, əhalisinin çoxluğu ilə deyil, ağıl və fəzilət sahibi olan insanların sayı ilə müəyyən olunur. Azərbaycanda da ağıl və fəzilət sahibi olan insanlar üstünlük təşkil edir. Bu lap əvvəldən öz təsdiqini tapıb. Biz tarixə diqqət yetirsək görərik ki, dahi şəxsiyyətlərimiz və onların gələcək nəsil üçün qoyub getdikləri elmi işlər saysız-hesabsızdır. Elə həmin görkəmli şəxsiyyətlərdən biri olan Həsən bəy Zərdabinin həyat hekayəsinə, o cümlədən onun “Əkinçi” milli qəzetinin əsasını qoyması ilə xalqımızın milli oyanış tarixinə nəzər salaq.
“Zirvə yolu” xatırladır ki, Həsən bəy Səlim oğlu (Zərdabi) 1837-ci il iyun ayının 28-də keçmiş Bakı quberniyasına daxil olan Göyçay qəzasının Zərdab kəndində bəy ailəsində anadan olmuşdur. Həsən bəy Zərdabi ilk təhsilini Zərdab kəndindəki mədrəsdə almışdır. Burada ərəb və farsca öyrənən Zərdabi 1852-ci ildə Şamaxı şəhərində açılan rusca dünyəvi təhsil verən məktəbə yazılmışdır. Məktəbi bitirmək üçün imtahan verəndə Qafqaz Təhsil Kommisiyası Müdiri Baron Nikolayın diqqətini çəkmiş və Baron onu dövlət təqaüdü ilə Tiflisə oxumağa göndərməyi təklif etmişdir.
Zərdabi Tiflisdəki məktəb üçün girdiyi imtahanları uğurla bitirmişdir. O, həmçinin universiteti də fərqlənmə diplomu ilə bitirmişdir. Zərdabi universiteti bitirdikdən sonra Tiflisdə Torpaq İdarəsində (Mejovoy Plata) işləməyə başlayır. Bu vəzifədən ayrıldıqdan sonra 28 fevral 1868-ci ildə Qubada məhkəmə katibi olaraq işləməyə başlayır. 4 oktyabr 1868-ci il tarixində işinə son verildikdən sonra bir müddət müstəqil məhkəmə vəkilliyi etmişdir. 18 noyabr 1869-cu ildə Bakıda məktəbə təbiət elmləri üzrə müəllim kimi işə düzəlmişdir. Bununla da onun həyatında yeni dövr maarifçilik, xalqın savadlanması, ana dilində təhsil uğrunda mübarizə mərhələsi başlayır. Lakin problemin çətinliyi onda idi ki, Həsən bəy Qafqazda o zaman fəaliyyət göstərən 10 gimnaziyada çalışan müəllimlər içərisində ali təhsilli yeganə azərbaycanlı idi. Və həmin vaxtda da Azərbaycanlı şagirdlər yox dərəcəsində idi. Bununla da, Həsən bəy azərbaycanlı uşaqları məktəbə cəlb etmək üçün xalq içərisində təbliğat aparmağı qarşısına məqsəd qoyur. Bundan sonra, müsəlmanlar arasında ilk dəfə 1872-ci ildə Bakıda “Cəmiyyət-xeyriyyə” də yaratmışdı. Həmin ilin bütün yayını Həsən bəy Zərdabi gimnaziyada təhsil alan şagirdləri Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlov (Gorani) ilə birlikdə Azərbaycanın şəhər və kəndlərini dolanaraq rəsmi dəftərə “Cəmiyyət-xeyriyyə”yə üzv yazdırmaqla məşğul olmuşdu.
Həsən bəy Zərdabi zəhmətkeş kütlələrin xoşbəxtlik və tərəqqisini elmdə görmüş, elmin, təhsilin həyatla əlaqəsinə böyük əhəmiyyət vermişdir. Həmçinin o, Azərbaycan qadınlarının maariflənməsinə xüsusi əhəmiyyət vermiş, gündəlik həyatında və işində xalqla sıx bağlı olmuş, asudə vaxtlarını xalq arasında keçirmiş, uşaqları və yeniyetmələri elmə, mədəniyyətə, maarifə həvəsləndirmişdir. Apardığı təbliğatın köməyi ilə Bakı gimnaziyasında oxuyan tələbələrin sayı qısa bir müddətdə xeyli çoxalmışdır.
Zərdabi Xeyriyyə Cəmiyyəti, teatr və müəllimlik yolu ilə xidmət etdiyi xalqa daha çox xidmət etmənin yollarını axtarır. Çətin olsa da türkcə qəzet açmaq istəyi olan Zərdabi Həyat qəzetində yazdığı “Rusiyada əvvəlimçi türk qəzeti” adlı məqaləsində bildirmişdir ki; “Bizim Cəmiyyəti-i Xeyriyyə bina tutmadığından teatr təşkil etdiyimiz salonun boş qaldığı zaman anladım ki, müsəlman qardaşlarımızı bir yerə toplayıb məktəblər açdıraraq küçədəki uşaqları oxutmaq mümkün deyildir. Elmsiz bu dövrdə yaşamaq mümkün deyildir. Nə etməli? Hər kəsi çağırıram gəlmirlər, göstərirəm görmürlər, deyirəm anlamırlar. Sonunda başa düşdüm ki, səs-küy salaraq, məcburi başa salmaqdan başqa çarəm yoxdur. Mütləq bu izah etdiklərimi bir gün başa düşən olacaqdır. Axan bir suyun altına nə qədər sərt daş qoyursan qoy, zamanla o daş əriyib yox olacaqdır. Əgər elədirsə, doğru söz də bir gün başa düşüləcəkdir. Onun üçün mütləq qəzet nəşr etdirmək gərəkdir. Hər il qəzet oxuyanlardan 10 nəfər anlasa, onların sayı hər il artacaqdır. Suyun önünü kəsən o bənd sonunda dayana bilməyib yıxılacaqdır!”
Beləcə Azərbaycanın mərkəzi şəhəri kimi Bakının sürətli inkişafı milli mətbuatın yaranması zərurətini doğurmuşdur. Ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy Zərdabi qəzet çap etmək üçün hökumətə müraciət etmişdir. Zərdabi türkcə qəzet nəşr etdirmək üçün müraciət etmiş, lakin buna nail ola bilməmişdi. Sonda Bakı valisi Staroselskinni senzura məsələsini öz öhdəsinə götürməsindən sonra qəzet çıxarmaq üçün icazə alına bilindi.
Bununla əlaqədar o İstanbuldan hürufat gətizdirmiş və nəhayət, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə müvəffəq olmuşdur. Bu qəzetlə Azərbaycan milli mətbuatının əsası qoyulmuşdur. Əkinçi qəzeti Azərbaycan, həmçinin də bütün Rusiyada nəşr olunan ilk türk dilli qəzetdir.
1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300–400 tirajla nəşr olunmuşdur. Bu illər ərzində qəzetin 56 nömrəsi işıq üzü görmüşdür.
Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzetinin dəsti-xətti əsasən bir ideya üzərində qurulmuşdur. Zərdabi və onunla birlikdə bu qəzetdə çalışan bir sıra maarifpərvər, demokratik naşirlər şərqin geriliyini, ətalət və süstlüyünü həqiqi azadlığın olmamasında görürdülər. Onlar öz sözlərini dolayı yolla olsa belə, bu qəzet vasitəsi ilə xalqa çatdıra bilirdilər. O dövrdə xalqın başa düşəcəyi sadə dildə yazılan bu qəzetdə belə fikirlərin səslənməsi Azərbaycanı əsarət altında saxlayan imperiya məmurlarını ciddi narahat edirdi.
İlk mətbu orqan kimi “Əkinçi” öz əsas ideyasına uyğun olaraq incəsənət və ədəbiyyata da aid yeni demokratik tələblər irəli sürürdü.
Və dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Azərbaycanda maarifçilik hərəkatının formalaşmasında əsas rol oynamış “Əkinçi”nin əsas məqsədi fanatizmi, cəhaləti aradan qaldırmaq, xalqı elmə, maarifə, tərəqqiyə çağırmaq, onun elmi-mədəni səviyyəsini yüksəltmək olub. Lakin əfsuslar olsun ki, çox ciddi senzura altında cəmi 56 nömrəsi çapdan çıxan “Əkinçi” qəzetinin nəşrinə 1877- ci ildə qadağa qoyulmuşdur. Buna baxmayaraq XX əsrin əvvəllərində mətbuat orqanları Azərbaycanda milli-azadlıq hərəkatının əsas istiqamətverici qüvvəsini təşkil etmiş, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olublar. Milli siyasi mətbuatın təşəkkül dövrü adlandırılan 1905-1907-ci illərdə KİV-lər Azərbaycan cəmiyyətinin siyasi və ideoloji fəallığının artırılmasında mühüm rol oynayıblar. “Şərqi-rus”, “Həyat”, “Füyuzat”, “Təzə həyat”, “Şəlalə”, “Açıq söz”, “Dirilik” və digər qəzetlər xalqın milli özünüdərk hissinin formalaşmasına çalışıblar. Sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də Azərbaycan mətbuatı milli varlığını qoruyub saxlaya bilib, respublikanın ictimai-siyasi həyatında fəal rol oynayıb. Ölkədə qəzet və jurnalların şəbəkəsi genişlənmiş, jurnalistikanın çeşidli növləri meydana çıxıb. Azərbaycan Respublikası Prezidentinin 5 iyul 1991-ci il tarixli fərmanı ilə Azərbaycanın ilk milli qəzeti olan «Əkinçi» qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün – 22 iyul Azərbaycan jurnalistikası günü elan edilmişdir. Müstəqilliyin əldə edilməsindən sonra Azərbaycanda KİV-lərin sayında önəmli ölçüdə irəliləyiş baş verib. Ölkədə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirmişdir. Artıq Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini qabaqlayır. Bir çox demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da Mətbuat Şurası yaradılıb və “Mətbuat haqqında” Qanun qəbul edilib. Azad mətbuatın inkişafı, iqtisadi müstəqilliyin təmin edilməsi, reklam bazarında müəyyən nöqsanların aradan qaldırılması, sosial vəziyyətin yaxşılaşdırılması məqsədilə xüsusi proqram hazırlanıb və dövlət başçısına təqdim edilib. Azərbaycanda insan hüquqları, siyasi plüralizm, vətəndaş cəmiyyətinin mövcudluğu demokratik institut kimi formalaşdırılmış müstəqil kütləvi informasiya vasitələrinin fəaliyyətində, onların inkişafı üçün yaradılan hüquqi təminatlarda öz təsdiqini tapır. Azərbaycan Respublikasının 1995-ci ilin noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyasının 50-ci maddəsində söz, azad məlumat toplamaq azadlıqları, öz baxışlarının azad ifadə edilməsi və digər azadlıqlar möhkəmləndirilib. Digər Qanunverici Aktlarında da möhkəmləndirilmiş azadlıqlar – vətəndaşların qanuni yolla informasiya tapmaq, almaq, hazırlamaq, ötürmək və yaymaq hüquqları dövlət təminatına əsaslanır. Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının təmin olunması üzrə bir sıra Beynəlxalq Konvensiya və Sazişlərə qoşulub. Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib. Azərbaycanda mətbuatın inkişafına töhfə verən digər vacib amil ölkənin nüfuzlu beynəlxalq təşkilata – Avropa Şurasına daxil olmasıdır. Təşkilata daxil olduqdan sonra ölkədə aparılan demokratik islahatlar söz və mətbuat azadlığının daha geniş təşəkkülünə şərait yaradıb. Onu da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyidir. Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir. Yarandığı gündən bu vaxta kimi Azərbaycan milli mətbuatı zəngin və mənalı bir inkişaf yolu keçmişdir. Azərbaycan xalqının qədim ədəbi və mədəni irsə malik olması, Şərq və Qərb sivilizasiyasının qovuşduğu məkanda formalaşmış mədəniyyəti demokratik milli mətbuatın gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır.
Cavadzadə Seyid Sürayə