Cəmiyyət

Quba kimi səfalı məkan… amma sakinlər CƏHƏNNƏM ƏZABINDA… – NARAZILIQ VAR!

81 yaşlı Səyyarə İsayevanın haqqında danışdığı kənd doğulub, boya-başa çatdığı Qubanın Səbətlər kəndidir. Burada bizimlə söhbət edən hər kəs kənddəki şəraitsizlikdən gileylənir.

Səbətlər kəndi Quba rayon mərkəzindən təxminən 30 kilometr və ya 25 dəqiqəlik məsafədə yerləşsə də, bura təxminən 45 dəqiqəyə gəlib çatdıq. Səbəb isə kəndə gələn 3 kilometrlik yolun bərbad vəziyyətdə olmasıdır.

Bu yol Səbətlər kəndindən keçməklə Çiçi bələdiyyəsinin tabeliyindəki digər 5 kəndi də birləşdirən əsas yoldur və ümumi uzunluğu 19 kilometrdir.

Yol problemi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, Çiçi bələdiyyəsini əhatə edən 19 kilometrlik kəndlərarası yolun yenidən qurulması dövlət proqramına daxil edilib və vəsait ayrılan kimi işə başlanılacaq.

Lakin qurumun rəsmisi tikinti işlərinin başlayacağı dəqiq tarixi açıqlamayıb.

Səyyarə İsayevanı ahıl yaşında odun yığmağa məcbur edən səbəb isə kənddəki digər problemlə – təbii qazın olmaması ilə bağlıdır. Kənd sakinləri deyir ki, yemək bişirmək və soyuq havalarda qızınmaq üçün meşədən odun gətirmək istəyəndə isə onları cərimələyirlər.

Kəndin 57 yaşlı sakini Rəna Novruzova ailəsinin gündəlik dolanışığını təmin etmək üçün ümidini saxladığı bir inəyə bağlayıb. Novruzovlar ailəsi hər il min bir əziyyətlə böyüdüb-bəslədikləri inək balasını isə satıb odun tədarükü görməyə məcburdurlar.

Azəriqazdan BBC-yə bildirilib ki, Səbətlər kəndinə qaz verilməsi qurumun diqqət mərkəzindədir və 2024-cü ildə bu kəndə qazın çəkilməsi nəzərdə tutulub.

1500-dən çox sakini olan kəndin gələcək taleyi isə aidiyyəti qurumların öz işlərinə və kənd camaatının şikayətlərinə nə qədər məsuliyyətli yanaşmasından asılıdır. //BBC Azərbaycanca//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir