Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi Xırdalan şəhərində küçə işıqlarının təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Zirveyolu.info xəbər verir ki, tenderin qalibi “Orbis Group” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 205.854,93 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Orbis Group” MMC 20 noyabr 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamı kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, ev 2A, mənzil 9-da yerləşir. MMC-nin qanuni təmsilçisi Bəkirov Cavid Elbrus oğludur.
Ondan əvvəl şirkətin qanuni təmsilçisi Bayramov Tural Çingiz oğlu olub. Tural Bayramov isə Abbasov Əsgər Rasim oğlunu əvəzləyib.
Adıçəkilən şəxslər haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.
“Orbis Group” MMC-yə gəlincə, şirkətin adına elan və satış saytı olan “tezbazar.az”da rast gəlinir. Məlum olur ki, şirkət iri və xırdabuynuzlu heyvanların satışı ilə məşğuldur.
Maraqlıdır ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi heyvandarlıqla məşğul olan bu şirkətə həm də şəhərdə mənzil fondunun təmirini tapşırıb. Bununla bağlı qurumun keçirdiyi tender iyulun 7-də yekunlaşıb və qalib “Orbis Group” MMC elan edilib. Tərəflər arasında bağlanan satınalma müqaviləsinin maliyyə dəyəri 493.604,54 AZN-dir.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. O, 2022-ci ildə bu vəzifəyə təyin edilib. Abdin Fərzəliyev 2003-2005-ci illərdə Nizami, 2005-2022-ci ildə isə Nərimanov rayonunun icra başçısı vəzifəsində çalışıb. (Qaynarinfo.az)