Xəbər

Bahalaşdırılmış şəkər tozu niyə limitlə satılır? – ARAŞDIRMA

Azərbaycanda bəzi mağazalarda şəkər tozu limitlə satılır. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Xüsusilə bölgələrdə, Quba Qusar, Xaçmaz, Ucar və Gəncə şəhərlərində ərzaq mağazalarında alıcılara 5 kilodan artıq şəkər tozunun verilmədiyi bildirilir. Satış şəbəkələri bunu son bir həftədə şəkər tozuna təlabatın kəskin artması ilə əlaqələndiriblər. Həmçinin məlumata görə, ölkədə son bir həftədə şəkər tozunun qiymətinin bahalaşması müşahidə olunur.
DİA.AZ bildirir ki, Sputnik Azərbaycan şəkər tozunun satışı ilə bağlı hər hansı məhdudiyyətlərin, qiymət artımının olub-olmadığını araşdırıb.
Ərzaq mağazalarından Sputnik Azərbaycan-a bildiriblər ki, iyul ayının əvvəlindən topdan satışda şəkər tozunun qiyməti bahalaşıb. Bu pərakəndə satışda da qiymətlərə təsir göstərib.

Mağaza sahibi Esmira Nuriyeva Sputnik Azərbaycan-a bildirib ki, bu ayın ilk ongünlüyündə 50 kiloqramlıq şəkər tozu kisəsinin qiyməti topdan satışda 76 manat 50 qəpikdən bahalaşaraq 79 manat 49 qəpiyə çatıb. Bu da pərakəndə satışda şəkər tozunun bahalaşmasına səbəb olub. Satıcı son günlər topdansatış obyektlərində şəkər tozu qıtlığı müşahidə olunduğunu bildirib. Onun sözlərinə görə, topdan satış obyektlərində şəkər tozu tapılmayıb. Bəzi topdan satış obyektlərində bir kisədən artıq şəkər tozu satılmasına icazə verilməyib. Bu səbəbdən də ərzaq mağazalarında şəkər tozunun satışında limit tətbiq edilib. Eyni zamanda qiymətində də artım baş verib. Amma satıcı artıq bu gündən şəkər tozunun satışında yaranmış çətinliyin aradan qalxdığını söyləyib. O, bildirib ki, hazırda topdan satışda şəkər tozu satışında heç bir problem yoxdur.
Topdan satışda şəkər tozunun qiyməti ucuzlaşsa da pərakəndə satışda şəkər tozunun qiyməti ucuzlaşmayıb. Ötən ay bir kiloqramı 1 manat 70 qəpiyə satılan şəkər tozu hazırda 1 manat 80 qəpiyə təklif olunur. Satıcılar bu ayın əvvəlindən şəkər tozunun topdan satışda qiymətinin bahalaşdığını, malı baha aldıqları üçün qiymətdə 10 qəpik civarında artım etmək məcburiyyətində qaldıqlarını etiraf ediblər.
“Qədim Şamaxı” topdan satış obyektindən Sputnik Azərbaycan-a bildiriblər ki, ötən həftə şəkər tozunun topdan satışda qiyməti bahalaşsa da artıq qiyməti ucuzlaşıb. Hazırda 50 kiloqramlıq bir kisə şəkər tozu 76 manat 75 qəpiyə təklif olunur. Bu ayın əvvəlində isə qiymətlər bahalaşaraq 79 manat 49 qəpiyə çatmışdı.
Topdan satış obyektindən şəkər tozunun satışında da artıq heç bir məhdudiyyət, limit olmadığını söylədilər. Ötən həftə şəkər tozunun satışında yaranmış çətinlik və qiymət artımının mövsümi xarakter daşıdığını, bu məhsula olan təlabatın qəflətən kəskin artması ilə əlaqələndirdilər.
Azərbaycanda şəkər istehsalı və satışı ilə məşğul olan şirkətlər məsələ ilə bağlı rəy bildirərkən, ölkəmizdə bu istiqamətdə çətinliyin olmadığını bildiriblər. Bakı və bütün bölgələr kəsintisiz olaraq şəkərlə təmin edilir. Mövsümlə əlaqədar istehlak həcmində artma qeydə alınsa da, ümumilikdə anbarlardakı mövcud şəkər həcmi tələbatı dəfələrlə üstələməkdədir. Regionun ən böyük istehsalçısı olan İmişli Şəkər Zavodunun tam gücü ilə fəaliyyətdə olduğu və plana uyğun şəkildə satış nöqtələrini məhsulla təmin etdiyi bildirilib.

Azərbaycana ən böyük şəkər tozu idxalçısı Veysəloğlu Şirkətlər Qrupudur. Şirkətdən bildirdilər ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu Distrubisiya” tərəfindən 2022-ci ildə şəkər tozu idxalı həyata keçirilməyib. 2023-cü ilin 7 ayı ərzində 3000 ton şəkər tozu idxal edilib.
Şirkət məhsulun limitlə satılmasını mağazalarda tələbatın kəskin artması ilə izah edib.
“”Veysəloğlu Distrubisiya” tərəfindən şəkər tozunun idxalında hər hansı problem müşahidə edilmir. Bazarın satış şərtlərinə uyğun miqdarda şəkər tozu idxal edilir” – şirkətdən bildirilib.
O da qeyd olunub ki, “Veysəloğlu Distrubisiya” tərəfindən şəkər tozu əsasən Rusiyadan idxal edilir. Veysəloğlu Şirkətlər Qrupunun distrubisiya fəaliyyətini həyata keçirən “Veysəloğlu Distrubisiya” şəkər tozunun topdan satışı ilə məşğul olmur, bu məhsul yalnız Qrupa məxsus marketlərdə istehsalçılara təqdim edilir.
İqtisadçı Rəşad Həsənov deyir ki, bu vəziyyəti ölkədə şəkər çatışmazlığı ilə əlaqələndirmək düzgün deyil. Çünki, bu hal müvəqqətidir. Mövsümlə əlaqədar tələbin intensiv şəkildə olması şəkər tozunun çatışmazlığına səbəb olur. Onun sözlərinə görə, bu problem qısa müddətdə aradan qalxacaq:
“Yay mövsümündə mürəbbə, cem, kompot kimi müxtəlif məhsullar hazırlandığı üçün şəkər tozuna da tələbat artıb. Bu da istehsal həcmini orta tələbə uyğunlaşdıran müəssisələrin tədarük və təhcizat zəncirində müəyyən pozulmalara gətirib çıxardıb”.
Həsənovun dediyinə görə ölkənin şəkər tozuna tələbatı 100 faiz ödənilir.
Qeyd edək ki, rəsmi statitikaya görə, 2023-cü ilin 6 ayında Azərbaycana 103 milyon dollar dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edilib. Ölkəmizin şəkər tozuna illik təlabatı təxminən 500 min tona yaxındır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir