“İki aya yaxındır artezian quyusu işləmir. Hər dəfə təmir edilməsi ilə bağlı müraciət edəndə gəlib düzəldəcəklərini desələr də baxan yoxdur. Təkcə mənim əkin sahəmə 14 min manata qədər ziyan dəyib. Kələm, pamidor, yonca və digər bitkilər becərirəm. Demək olar ki, kələm tamamilə tələf oldu. Yoncaya isə hələ bircə dəfə də olsun su verməmişəm. Başqa heç bir yerdən də əlavə gəlirim yoxdur. Nə edəcəyimi bilmirəm”.
DİA.AZ bildirir ki, bu fikirləri Bizim.Media-nın yerli bürosuna açıqlamasında Elsevər Şirinov deyib.
Şirinov Elsevər İsgəndər oğlu Ağcabədi rayon Sarıcalı kənd sakinidir. O, 1975-ci ildə məhz elə bu kənddə zəhmətkeş ailədə doğulub.
Deyir ki, gözünü açandan çörəyini əkinçilikdən çıxarır. Məhsuldarlıq isə yalnız suvarmadan asılıdır:
“Əgər su olsa, torpaq məhsul verir. Adətən tərəvəzlərin yetişməsi üçün dava-dərman çox vacib məsələ deyil. Əsas məsələ sudur. Onu da vaxtlı vaxtında tapa bilmirik. Bax bu artezian 30 hektar sahəyə xidmət göstərir. Növbəli şəkildə digər həmkəndlilərimlə təsərrüfatı suvarırdıq. Məhsulun suvarılması vaxtı yaranan problemin aradan qaldırılmaması bizi borc içində qoydu. Biz hamımız əkin mövsümünə başlamaq üçün ya kredit götürürük, ya da kimdənsə borc alırıq. Nəticə isə belə olur”.
Kadrlardan da göründüyü kimi kəndlilərə məxsus bostan susuzluqdan od tutub yanır desək, yanılmarıq. Həmsöhbətimiz övladlarının təhsil məsələlərini, ailesinin dolanışığını, gündəlik ehtiyaclarını qarşılamaq üçün gözünü dikdiyi sahənin yanmasını yox, bu işə görə götürdüyü borcların aqibətini düşünür.
Aidiyyatı qurumlara dəfələrlə müraciət edən kəndlilərin müraciətinə baxılması bu aydan o aya ötürülür.
Əkin sahələri isə kəndlilərin aldığı borc pullarla bərabər susuzluqdan yanıb dükənir.
Rayonunun mexaniki suvarma sistemləri idarəsi ilə əlaqə saxlamağa çalışsaq da, cəhdimiz baş tutmadı.
Mövzunu diqqətdə saxlayacağıq.