Səhiyyə

AQTA-da İrandan yüksək riskli məhsullar idxal edən sahibkarlarla görüş keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) İrandan yüksək riskli məhsullar idxal edən sahibkarlarla görüş keçirilib.

“Zirvə yolu” xəbər verir ki, bu barədə agentlikdən məlumat verilib.

Tədbir Azərbaycana İrandan baytarlıq nəzarətinə aid məhsulların idxalı sahəsindəki vəziyyəti bir daha nəzərdən keçirmək, sahibkarlarla əməkdaşlığı daha da genişləndirmək, onları mövcud qanunvericilik və tələblər barədə məlumatlandırmaq, xidmətlərinin beynəlxalq tələblərə uyğun təşkilinə kömək göstərmək, həmçinin təkliflərini dinləmək və müvafiq işlərin həyata keçirilməsini təmin etmək məqsədilə keçirilib.

Görüşdə qida təhlükəsizliyi, o cümlədən yüksək riskli məhsulların idxalı sahəsində qarşıya qoyulan tələblər və həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, ölkəmizə gətirilən yüksək riskli qida məhsullarının, xüsusilə heyvan mənşəli məhsulların istehsal və emal edildiyi obyektlər təsdiq olunmalıdır. Bununla əlaqədar olaraq, hazırda ixracatçı ölkələrdə fəaliyyət göstərən istehsal müəssisələrinin yerində və ya videokonfrans formatında qiymətləndirilməsi həyata keçirilir. Qiymətləndirmənin nəticələri əsasında müəssisələr təsdiq olunur və ya təsdiqdən imtina edilir.

Görüşün sonunda sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir