Cəmiyyət

“Bələdiyyə sədrinə bu barədə məlumat verdim, ancaq əhəmiyyət vermədi…” – MÜRACİƏT

Tanınmış tərcüməçi Sevil Gültən Azinforum.az-a müraciət edərək, öz doğma kəndində üzləşdiyi ekoloji fəlakətlə bağlı məlumat verib. Sevil xanım yerli icra qurumları və bələdiyyənin bu məsələyə biganə yanaşdıqlarını da qeyd edir: “Zərdabın Təzəkənd kəndi rayona bitişikdir. Təzəkənddə, “ Təzə Yurd “ deyilən yerdə 1995-ci ildə ev tikdirmişəm. O vaxt yaxınlıqda şirəkeş arxı vardı. Eni uzağı bir metr olardı. O yerlər vaxtilə pambıq sahəsi olmuşdu, arx da o vaxtdan qalmışdı. Tədricən o yurdda sakinlərin sayı çoxaldı. Qonşuluqda yaşayan insanlar çirkab sularını o arxa axıtdılar. O arxla mənim məhləmin arası dörd-beş metrdir. Hər dəfə bələdiyyə sədrinə problemlə bağlı şikayət edəndə o arxı yenidən qazdırır, içindəki murdar palçığı arxın qırağına tökürlər. Beləcə, arx enləndi. İndi arxın eni 3-4 metrdir. 10 ildir ki, arxa çirkab sularının axıdılmasının qarşısını ala bilmirəm. Bələdiyyə rəhbərinə, icra nümayəndəsinə, icra hakimiyyətinə, gigiyena mərkəzinə dəfələrlə həm yazılı, həm şifahi müraciət etmişəm. Nəticə yoxdur.

Bir dəfə Göyçaydan ekologiya əməkdaşı gəldi, şikayətimi təsdiqlədi, bir nəfəri yüngülvari cərimələdi. Dedi ki, bundan başqa heç nə edə bilməz.

O arxdan həm də zibillik kimi istifadə edirlər. Keçən dəfə kəndə gedəndə arxın kənarında it və pişik leşi vardı. Bələdiyyə sədrinə bu barədə məlumat verdim, ancaq əhəmiyyət vermədi. “ Sənin məhlənə qarovul çəkməliyəm?” dedi. Çətinliklə də olsa ordakı zir-zibili, leşləri daşıtdırdım. Nə qədər ki, o arxa kanalizasiya suları axıdılır, o arxın ətrafı da zibillik olacaq. Xahiş edirəm, o problemin həllində mənə kömək edəsiniz”.

Ümidvarıq ki, rayon rəhbərliyi bu məsələni nəzarətə götürərək, problemin aradan qaldırılması istiqamətində zəruri addımları atacaq.
Azinforum.az

 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir