Dünya

Eksklüziv Kərbəladan Urmiyaya: kimdir günahkar? – AKTUAL

Urmiya gölü quruyur. Bu su hövzəsində əvvəllər 33 milyard kub metr su olub. İndi bu həcm 33 dəfə azalıb. Güney və Quzey Azərbaycanın bu təbiət incisinin indiki halının günahkarı Tehran hakimiyyətidir.

Bu hadisə də İrandakı rejim saxtakarlığını gizlədə bilməyib. Rejim həm din, həm də dünyəvi məsələlər baxımından özünü ifşa edib.

Hər il dini təqvimlə Məhərrəm ayında Məhəmməd Peyğəmbərin nəvəsi İmam Hüseynə əzadarlıq edilir. Yeri gəlmişkən, Kərbəla hadisəsi – 680-ci il oktyabrın 10-da indiki Kərbəla şəhəri yaxınlığında Hüseyn ibn Əli ilə Əməvi xəlifəsi I Yezid arasında baş vermiş döyüşdür. Bu döyüş İslam aləmində, xüsusən şiə və ələvilikdə böyük önəm daşıyır. Məhəmmədin qızı Fatimənin, Əli ibn Əbu Talibdən olan oğlu Hüseynin öldürülməsi, şiə ölkələrində hər il Aşura günü adı ilə qeyd olunur.

Hər kəsə su kimi aydındır ki, həmin hadisələrlə bağlı danışılan söhbətlərdə, mərsiyələr və rozələrdə ən çox işlədilən sözlərdən biri də sudur. İmam Hüseynin əzizlərinin İraq çöllərində dil-dodaqlarının susuzluqdan parçalanması ədəbi-bədii təsvirlərlə çox gözəl çatdırılır.

Bu bir daha sübut edir ki, susuzluq çox faciəli hadisədir. Bunu törədənlər isə əbədi lənət sahiblərdir.

Urmiya da susuzdur. Oradakı canlılar, onun flora və faunası bu hadisə nəticəsində məhv olub. Kərbəladakı və Urmiyadakı susuzluqları insan törədib. Biri təxminən 1320 il əvvəl, biri isə 30 ilə yaxındır baş verib. Bu hadisələr arasında 1300 il zaman fasiləsi olsa da mahiyyət və dəyər baxımından yaxındır. Çünki Urmiya gölünün quruması da 500 km-lik radiusdakı canlıların həyatına təhlükə yaradacaq.

Biri I Yezidin islama xəyanəti səbəbindən, o biri də Tehran hakimiyyətinin Güney Azərbaycana ögey münasibətindən yaranıb. Babası Əbu Sufyan, atası Müaviyə olmuş I Yezid və tərəfdarları da müsəlman olduqlarını iddia edirdilər. İranın dövlət rəsmiləri də Urmiyanın susuzluğunu etiraf edir. Hətta İran Prezidenti İbrahim Rəisi gölə axıdılan su kanalının axıdılması ilə bağlı açılışlara da qatılır. Ancaq nə faydası? Bu tədbirlərdən sonra Urmiya gölünün quruması elə bil sürətlənir.

Çünki bunun qarşısı vaxtında alınmayıb. İllər əvvəl su hövzəsinin qurmasını car çəkənləri Tehran hakimiyyəti təqib və təzyiqlərə məruz qoyurdu. Bu istiqamətdə fəaliyyət göstərənləri isə az qalırdı “din düşməni” elan etsinlər.

Urmiya gölünün qurması ilə İran hakimiyyəti Qərbi Azərbaycan və Şərqi Azərbaycan əyalətləri əhalisinin həyatı və regionun təbiəti üçün təhlükə mənbəyidir. Tehran rejimi bununla “Qurani-Kərim”in “Bəqərə” surəsindəki “Öz əlinizlə özünüzü təhlükəyə atmayın” çağırışına da əməl etməyib. Bunu isə inananlar günah sayırlar.

Hakimiyyət boş-boş vədlər verir. İctimai fəallar gölün qurumasına qarşı çıxaraq, onu daim diqqətdə saxlayırlar.

Güney Azərbaycanın müxtəlif bölgələrində və Urmu gölü ətrafında ekoloji fəlakətlə bağlı aksiyalar davam edir.

Avqustun 1-də bir qrup urmiyalı mədəni-ekoloji fəal gölün quru yatağına 26 metrlik banner açıb və insan zənciri təşkil edərək, su hövzəsinin xilasını tələb ediblər. Onlar beynəlxalq ictimaiyyətin və ekoloqların baş verən fəlakətə diqqətini cəlb etmək üçün banner üzərində ingiliscə #SAVELAKEURMIA (“Urmiya gölünü xilas edin!”) yazıblar.

Qeyd edək ki, Güney Azərbaycanda baş verməkdə olan ekoloji fəlakətlə bağlı məlumatlandırmaq, gölün acınacaqlı durumunu vətəndaşların və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə iyulun 18-dən “Urmu gölünün xilası üçün kampaniya” adı altında kampaniya başladılıb.

Onlar sosial mediadakı paylaşımlarında Urmiya gölünün artıq məhv olmaq üzrə olduğunu yazıb, hakimiyyətin gölün bərpası barədə vədlərinin azərbaycanlıları aldatmağa hesablandığını vurğulayıblar.

Ekofəallar bütün azərbaycanlıları gölün məhv olmasının qarşısının alınması məqsədilə kampaniyaya qoşulmağa, Tehran hakimiyyətinin Azərbaycanın təbiət incisini məhv etməsinə imkan verməməyə çağırıblar.

Güney Azərbaycanın Marağa şəhərinin İran parlamentindəki deputatı və Urmiya gölünün Bərpası Qərargahının tədqiqat və nəzarət şurasının üzvü Əli Əlizadə isə deyib ki, bu su hövzəsinin bərpası üçün heç bir iş görülmür: “Gölün bərpası üçün heç bir ciddi iş aparılmır və təxəyyül gücündən istifadə etməklə ekoloji problem həll olunmayacaq. Hamı yaxşı bilir ki, milyardlarla kubmetr su əvəzinə 300 milyon kubmetr su ilə Urmu gölünün xilası mümkün deyil”.

O, gölün bərpası üçün ayrılan vəsaitin təyinatı üzrə xərclənmədiyini söyləyib. Deputat vurğulayıb ki, hər il suyu 2 milyard kubmetri azalan gölə, hakimiyyətin Kanisib kanalı vasitəsilə 300 milyon kubmetr su buraxması gözdən pərdə asmaqdır.

Gölün dirçəldilməsi ilə bağlı parlamentdə səsvermə keçirilib. Su hövzəsinin dirçəldilməsinin əleyhinə səs verən 15 millət vəkilinin siyahısı yayılıb:

Yaqub Rezazade – Səlmas nümayəndəsi,

Ənvər Həbibzadə -Bukan nümayəndəsi,

Cəlal Mahmudzadə – Mahabad nümayəndəsi,

Kamal Hüseynpur – Piranşəhr və Sərdəşt nümayəndəsi,

Şiva Qasemipur – Mərivan nümayəndəsi,

Məcid Naserinejad – Şadegan nümayəndəsi,

Əli Əkbər Kərimi- Xondab nümayəndəsi,

Cəfər Qədri Şiraz nümayəndəsi,

Abdul Nasser Derəxşən – İranşəhr nümayəndəsi,

Hüseyn Haqverdi – Şahyar və Mallard nümayəndəsi,

Seyid Əlborz Hüseyni – Xodabəndə nümayəndəsi,

Muctəba Təvanqar – Tehran nümayəndəsi,

Ruhullah İzədxah- Tehran nümayəndəsi,

Yəhya İbrahimi- Səlsələ nümayəndəsi,

Seyid Mustafa Mirsəlim – Tehran nümayəndəsi.

Bunlardan 4-ü Urmiya şəhərindən deputat olan kürd etnik qrupunun nümayəndələridir.

İran hökumətində ətraf mühitin mühafizəsi üzrə təşkilatın başçısı Əli Selajge bildirib ki, Urmiya gölü qurumayıb, yağıntıların azalması səbəbindən buxarlanma prosesi artıb: “Gölün bərpası qərargahı formalaşdıqdan sonra bəndlərdən su axıdılması məsələsini təqib edəcəyik”.

Kərbəla faciəsi bu gün də davam edir. Bu dəfə onu törədən Yezid deyil, ona lənət oxuyan, əslində isə onun elədiklərini təkrarlayan rejimdir…

Sədrəddin Soltan – Pressklub.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir