XİN: “Ermənistan BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi alətə çevirməyə cəhd göstərir”
“2022-ci ilin dekabrında ilk uğursuzluğuna baxmayaraq, Ermənistan yenidən BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirməyə cəhd göstərir”.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Qeyd olunub ki, bununla yanaşı, Ermənistan 30 ilə yaxın müddət ərzində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş dörd qətnaməsinin və Təhlükəsizlik Şurası sədrinin işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən bir sıra bəyanatlarına məhəl qoymayan bir ölkədir.
“Ermənistanın bölgədə “humanitar vəziyyətin pisləşməsi” və “davam edən blokada” ilə bağlı əsassız iddialarla əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciəti növbəti dəfə beynəlxalq tərəfdaşlar vasitəsilə balanslı, beynəlxalq hüquqa əsaslanan və məqbul həll yolu tapmağa yönəlmiş səylərə Ermənistanın qəsdən və məqsədyönlü şəkildə mane olduğu bir zamanda baş verir”, – bəyanatda qeyd edilib.