Yox, qidaları AQTA daşımır, pizzaları da AQTA bişirmir. Evlərə, ofislərə də yemək-içmək daşıyan AQTA deyil, başqalarıdır. Bax, o başqalarında biri Woltdur. AQTA-nın “başqa” gözlə baxdığı Wolt!
Kontrastlar, qəribəliklər məmləkətində yaşayırıq; AQTA-Wolt qovğasında bunu bir daha anladıq, gördük. Xəbərlərdə eşitdik və oxuduq ki, AQTA Wolt-u bağlayıb. Həm də necə bağlayıb?! Deyib ki, Wolt camaata yeməkdən başqa nə desən daşıyır? Deyib, Wolt-çular qaydaları pozur, sağlamlıq testindən keçmirlər və sair və ilaxır. Yeməklərin fiziki temperaturundan kuryerlərin psixoloji tempramentinə qədər çox problem sadaladılar və dedilər ki, Wolt-dan yemək gözləməyin, dayandırmışıq.
“Dayandırmışıq” deyib durub AQTA, amma Wolt dayanmayıb. Daha doğrusu, “dinc” dayanmır; deyir: “Biz işləyirik”. Bəs AQTA deyən… Cavab da elə qarşılıqlı iddiaymış: Wolt deyir ki, AQTA şirkətə “təzyiq etmək üçün əsassız açıqlama yayır”. “Əsassız açıqlama”, bilirsiniz də nə deməkdir?! AQTA yalan danışır deməkdir. Belə olunca ağla gələn ilk fikir: iki qurumdan biri yalançıdır. Ya da bəlkə elə hər ikisi. Ancaq Wolt-dan fərqli olaraq, AQTA-nın yalanı rəsmi yalandır; axı AQTA dövlət idarəsidir. Dövlət yalan danışmaz axı. Danışa bilməz. Yalan danışan varsa, o dövlət deyil. O halda, deməli, konkret məmurlar dövlət adından yalan danışıb. Öz maraqları üçün.
AQTA: “Wolt-u yoxlayıb bağlamışıq” deyir. Amma, baxırsan, küçələr Wolt-un mopedləri, kuryerləri ilə qdoludur.
Belə olanda gərəkdir ki, dövlət də AQTA-nın bu açıqlamasını yoxlayıb söhbəti bir nəticəyə bağlasın. Yoxsa camaat çaş-baş qalacaq: rəsmi məlumata inansın, yoxsa, Wolt-un gətirdiyi pizzanı alıb yesin?! Siz anlaşıb dil tapana qədər kuryerin gətirdiyi yemək soyuyur axı.
Nəhayət, bir qərar verin, lütfən!
Seyid Əhmədli, Bizimyol.info