Taekvondo üzrə Avropa çempionatlarında (Olimpiya çəki dərəcələri üzrə və gənclər arasında) iştirak edən milli komandanın üzvləri Vətənə qayıdıb.
“Zirvə yolu” xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıları federasiya rəsmiləri, məşqçi-müəllimlər və idmançılar, ictimaiyyət nümayəndələri, mətbuat nümayəndələri qarşılayıblar.
Qeyd edək ki, Azərbaycan taekvondoçusu Qaşım Maqomedov avqustun 26-da Avropa çempionu tituluna sahib olub. 58 kq çəki dərəcəsində mübarizə aparan idmançı Estoniyanın paytaxtı Tallində olimpiya çəki dərəcələri üzrə keçirilən qitə çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bununla da yığmamızın olimpiya çəki dərəcələri üzrə qitə çempionatında medallarının sayı 3-ə yüksəlib. Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə yarışda qüvvəsini sınayan Maqomedovdan öncə Cavad Ağayev (68 kq) və Həmidreza Badrialiabadi (+80 kq) gümüş medala yiyələniblər.
Estoniyada keçirilən gənclərin Avropa çempionatını isə komandamız 2 medalla başa vurub. Səlimə Quliyeva (42 kq) gümüş, Məhəmməd Həsənli (45 kq) bürünc mükafat qazanıblar.
Beləliklə, 3 gün davam edən iki Avropa çempionatını Azərbaycan taekvondoçuları 1 qızıl, 3 gümüş və 1 bürünc medalla başa vurublar.