Cəmiyyət

Barat Yusubov NİYƏ CƏZALANMIR? – AXI NİYƏ?!

Ehtiyatda olan polkovnik-leytenant Coşqun Məmmədov gördüyü hörmətsizliyə görə işini itirdiyini deyir.

“27 il Silahlı Qüvvələrdə xidmət etmişəm. Ehtiyatda olan polkovnik-leytenantam. Bir il “Yeni Klinika”da çalışdım, amma əvvəlki rəhbərliyin dövründə heç vaxt belə münasibətlə qarşılaşmamışam. Buna görə də öz ərizəmlə işdən çıxmağa məcbur oldum”, – Coşqun Məmmədov deyir.

O, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının azad edilməsində iştirak edib. Deyir ki, 2022-ci ilin fevral ayında xəstəliyi ilə əlaqədar ehtiyata buraxılıb.

“2022-ci ilin avqustun 22-dən “Yeni Klinika”da təhlükəsizlik xidməti şöbəsinin müdiri kimi işə başladım. Klinikanın yeni rəhbəri Barat Yusubov TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun xidməti maşınının qapısını açmağımı təkidlər tələb etdi. Onun bu istəyi ilə razılaşmadığımdan aramızda narazılıq yarandı. Buna Vüqar Qurbanov da şahiddir”,- şikayətçi deyib.

C.Məmmədov bildirib ki, daha əvvəl də Qurbanov klinikaya tədbirlərə gəlib, lakin heç vaxt ona icraçı direktorun avtomobildən düşməsi üçün qapının açılmasını əmr etməyib. Çünki qapı açmaq təhlükəsilik xidmətinin vəzifə səlahiyyətlərinə aid deyil.

Məmmədov deyir ki, “Vətənə xidmətə görə” 3-cü dərəcəli orden, “Füzulinin azad edilməsi”, “Cəbrayılın azad edilməsi”, “Xocavəndin azad edilməsi”, “Vətən müharibəsi iştirakçısı”, “Silahlı Qüvvələr veteran”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, “Silahlı Qüvvələrin yaranmasının 90 illiyi”, “Silahlı Qüvvələrin yaranmasının 95 illiyi”, “Silahlı Qüvvələrin yaranmasının 100 illiyi” medalları ilə təltif edilib.

“Ehtiyatda olan hərbiçi kimi təqaüd alıram. Öz ərizəmlə işdən çıxmağa məcbur qaldım. Maddi və ən əsası mənəvi zərərlə üzləşmişəm”,-C.Məmmədov qeyd edib.

C.Məmmədov söyləyib ki, qısa müddət ərzində mühafizə xidmətinin 10 əməkdaşı öz ərizəsi ilə işdən kənarlaşdırılıb:

“Mənə ağrılıdır ki, TƏBİB bununla bağlı heç bir açıqlama vermədi, hətta maraqlanmadı. Halbuki hansısa bir tanınmışın qəzası ilə bağlı 4 dəfə açıqlama verirlər. Yalnız mənə zəng vurub narazılığımın icraçı direktor, yaxud Barat Yusubovla bağlı olduğunu dəqiqləşdirdilər. Heç vəziyyətimlə də maraqlanmadılar”.

Yeni Klinikadan suallara cavab vermək istəməyiblər. Klinikadan bildiriblər ki, sualları TƏBİB cavablandıra bilər: “Bizim mətbuatın suallarını cavablandırmaq kimi səlahiyyətimiz yoxdur”.

Şikayətlə bağlı TƏBİB-ə sorğu ünvanlandırılıb, hələ cavab yoxdur. //meydanTV//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir