Cəmiyyət

Şəhid qardaşı kənd nümayəndəsindən şikayətçidir – “Ailəmizi söyüb…”

Zərdab rayon Otmanoba kənd sakin Kiçikağa Əliyev Mikayıl oğlu rayonun Şahüseynli kəndinin ərazi nümayəndəsi Abubəkir İsayevdən şikayətçidir.
Bu barədə Bakupost.az –a müraciət edən şəhid qardaşı olan Kiçikağa Əliyev iddia edir ki, Abubəkir İsayev ona, ailəsinə qarşı nalayiq ifadələr işlədib:

“İşləri bitirib, öz kəndimizə qayıdarkən A. İsayev məni saxlatdı. Dedi ki, “hara gedirsən?”, dedim, öz kəndimizə taxıl biçiminə gedirəm. O da getməyimə icazə vermədi. Özü ilə bir neçə adam da gətirmişdi. Onlara dedi ki, bunun əl-ayağını bağlayıb, atın kanala. Mənim özümə, ailəmə söyməyə başladı. Gördüm üstümə cumular, ərazidən qaçdım. Bütün bunları qardaşı, müdirim Həmzə İsayevə dedim. Onun oğlu da mənə zəng edib dedi ki, şikayətçi olsan heç nə sübut edə bilməzsən, şahidin yoxdur. Mən də aidiyyəti orqanlara müraciət etməyi qərara aldım. Polisə şikayət etdim, polis dedi, sübut yoxdu, məhkəməyə müraciət et. Bundan sonra məni ölümlə hədələməyə başladılar. Rayonda icra başçısının qəbulunda da oldum. Dedi, verin məhkəməyə əlimizdə heç bir sübut yoxdur. Sənəd aldıqdan sonra işə baxmaq olar. Sübutu hardan tapım? Sübutum yoxdursa, şəhid qardaşımı söyən şəxs cəzasız qalmalıdır? Prezidentən, aidiyyəti qurumlardan xahiş edirəm, mənim səsimi eşitsinlər. Mən oların təhqirlərini həzm edə bilmirəm…“
Məsələ ilə bağlı Zərdab rayonu, Şahüseynli kəndinin ərazi nümayəndəsi Abubəkir İsayevlə əlaqə saxladıq.
A.İsayev Bakupost.az –a deyilənlərin əsassız olduğunu bildirdi:
“Mən illərlə işləyən adamam. 7 şəhidin abidəsini ucaltmışam. Şəhidlərin qarşısında baş əyirəm. Atam özü Böyük Vətən müharibəsi iştirakçısı olub. Əlil idi, ona baxıb, qulluq etmişəm. Axı, mən necə şəhidi təhqir edə bilərəm?!
O, camaatı aldatdı, taxılı biçmədi. Arpa deyə-deyə buğdanı biçdi. Bir dəfə dedim ki, məsləhət belədir ki, arpa qurtarandan sonra buğda biçilməlidir. Dedi, sabah o əraziyə girəcəyəm. Sabahkı gün oraya getmədi, qaçdı ərazidən.
Əlimizlə işarə etdik, saxlamadı. Qarşıdan gələn texnika işarə edəndə saxladı. Çıxdım, dedim, Kiçikağa, qardaş sən nə edirsən? Neçə gündür işləri atıb getmisən. Elə həmin an kombayna necə qaz verdisə qaldım kombaynın altında. Yarım saata güclə özümə gəlmişəm.
Uşaqlar təklif etdi ki, aktlaşdır ver şöbəyə. Aktlaşdırdım şöbəyə verdim. Amma 2-3 gündən sonra eşitdim ki, şəhid ailəsidir. Qardaşının adından istifadə edir, ona görə məsələnin başını buraxdım – şikayətçi olmadım. Onun şəhid ailəsi olduğunu bilmirdim. Orada mənim ona qarşı heç bir nalayiq ifadəm olmayıb. Şahidlərimiz var.
Həmçinin, məndən Prezident İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Daxili İşlər Nazirliyinə müraciət edib. Araşdırma aparıldı. 7 nəfər şahid var idi. Gəldilər, bir-bir hamısının ifadəsini aldılar”.
Qeyd edək ki, Kiçikağa Əliyev Birinci Qarabağ müharibəsi şəhidi Mail Əliyev Mikayıl oğlunun qardaşıdır. O, 1994-cü ilin yanvar ayının 26-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi uğurunda gedən qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olaraq Şəhidlik zirvəsinə yüksəlib.
BakuPost

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir