Ötən həftə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Aztelekom” MMC tərəfindən internet xidmətinin keyfiyyətinin artırılması üzrə layihələr çərçivəsində Ağdam rayon kəndlərində ilk GPON (Gigabyte Passive Optical Network) şəbəkəsinin qurulması ilə bağlı məlumat vermişdik.
Həmin məlumatda qeyd etmişdik ki, hazırda Ağdam kəndlərində GPON (Gigabyte Passive Optical Network) şəbəkəsinin qurulmasına “İTTNET“ MMC şirkəti həyata keçirir.
AzFakt.com-un əldə etdiyi məlumatda bildirilir ki, Ağdam rayonunun kəndlərində GPON layihəsini həyata keçirən “İTTNET” MMC şirkəti korrupsiya hallarına yol verib. Belə ki, şirkət rəhbərliyinin Ağdam rayonun Xındırıstan, Üçoğlan, Paşabəyli, Aşağı Yüzbaşlı, Yuxarı Yüzbaşlı, Çıraqlı, Bənövşələr, Səfərli, Alibəyli, Zəngişalı, Baharı kəndlərində GPON layihəsi çərçivəsində intenet kabellərinin çəkilişi zamanı istifadə olunan dirəklərin bir hissəsinin mənimsənildiyi bildirilir. Məlumatda kəndlərdə internet kabelləri üçün basdırılan dirəklərin məsafə arası 80-100 metrə yaxındır. Əslində isə layihədə bu məsafə 30-40 metr göstərilib.
AzFakt.com-a daxil olan məlumatda qeyd edilir ki, bir çox kəndlərdə daxili küçələrə internet kabellərinin paylanılması üçün 75-lik dirəklər basdırılmayıb. Bu dirəklərin “İTTNET” MMC tərəfindən mənimsənildiyi iddia edilir.
“İTTNET” MMC-nin Ağdam kəndlərində yol verdiyi korrupsiya əməllərinə şirkətin GPON Layihəsinin qurulması üzrə rəhbəri Arif Fərzəliyev adlı şəxsin rəhbərlik etdiyini qeyd etmişdik. Arif Fərzəliyevin dirəklərin basdırılması və kabellərin çəkilişi zamanı görülən işləri 2 dəfə şişirtdiyi deyilir. Belə ki, çəkilişdə işləyən işçilər sənəddə aldıqları vəsaitdən 2 dəfə artığına qol çəkərək, kartlarına vurulan həmin vəsaiti sonradan Arif Fərzəliyevə qaytarıblar.
Hazırda “İTTNET” MMC layihə çərçivəsində Ağdam rayonun Əfətli, Çəmənli və Mirəşelli kəndlərində internet kabelləri üçün dirəklərin basdırılması işinə başlayıb.
Ümid edirik ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Aztelekom” MMC “İTTNET“ MMC-nin Ağdam rayon kəndlərində GPON (Gigabyte Passive Optical Network) şəbəkəsinin qurulması işlərini ciddi şəkildə yoxlayıb, lazımi tədbirlər görəcək.
Bildirək ki, “İTTNET” MMC şirkətinin direktoru Cəbrayıl Abbasov adlı şəxsdir.
Məsələ ilə bağlı araşdırmamız davam edir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //AzFakt.com//