Binanı müşahidə edərkən, Əfqanıstandan Azərbaycana qayıtdım. İki ölkə arasında dağlar qədər fərq olsa da, bənzərlikləri də yox deyildi. Məsələn, Əfqanıstanı xaricdən gələn işğalçılar o kökə salmışdılar, daxildə etnik və dini parçalanma yaradıb, vətəndaş müharibəsi çıxarmışdılar. Daha sonra da “yeyin, bir-birinizi” deyib, çıxıb getmişdilər. Azərbaycanda isə bunu adətən yerli icra hakimiyyətləri edir. Yasamal İcra Hakimiyyəti salınan hər qapının, tikilən hər obyektin qoxusunu az qala, elə Əfqanıstandan alsın. Ancaq bu binadan “xəbərləri yoxdur”. Məsələn, bu binanın fotoda da göründüyü kimi aşağı mərtəbəsində yeni tikilmiş aptek, onun yanında da bir təndirxana və paltar mağazası fəaliyyət göstərir. Bu sıra aşağıdan sola doğru getdikcə uzanır və sıra ilə açılan obyektlər elə sıra ilə də kasıblaşır. Altında yeni tikilmiş və ya təmir olunub istifadəyə verilmiş obyektlər varkən, yuxarıda içindəki insanlarla birgə çürüməyə tərk edilmiş beşmərtəbəli yaşayış binası görürük. Fonda isə hündürmərtəbəli, yeni tikilən, inşaat halında olan göydələnlər görünür.
…Əvvəl düşündüm ki, görəsən, bu qədər yeni tikilinin arasında belə bir çirkin görüntünün yaranmasına necə icazə verilib? Necə olur ki, əlil birinin öz evinə qapı qoymasına qətiyyətlə dirənib, buna imkan verməmək üçün hər yola, hər varianta əl atan icra hakimiyyəti bu boyda binanın hər gün dağılıb getməsinə, içindəki sakinləri ilə birgə çürüməsinə göz yumur?
Daha sonra öz sualıma elə özüm də bir cavab tapdım. Deməli, “göz yummaq” adlı bir “uzaqgörən” strategiya var. Məsələn, yaşadığın bina eynilə bu şəkildədir və dağılıb gedir. Onu heç kim görməyəcək. Ta ki, sən o binada yerləşən evində balkonu təmir edənə, yaxud o binanın birinci mərtəbəsində özünə obyekt açana qədər. Bu vaxt görəcəksən ki, qarnı özünü qabaqlayan bir icra nümayəndəsi təşvişlə maşından aşağı düşür və qaçaraq yanına gəlib, səndən icazə kağızının olub-olmadığını soruşur. Sən də deyirsən ki, yoxdur. Bu, sadəcə fraqmentdir. Film elə bundan sonra başlayır. “Mumiya” filmindəki çürümüş bədheybəti xatırladan o boyda bina qalır bir kənarda, bütün qayda-qanun sənin təmir etmək istədiyin yoxa çıxmış balkonunda, yaxud kiçik ticarət obyektinin başında cəmləşir. Heç kim o binanın altındakı obyektlərin hansı qanuni əsaslarla tikilməsini, fəaliyyətini sorğulamayacaq, hətta onları görməyəcək də. Ta ki sən bu adamları “görənə” kimi…
Ötən günün axşam saatlarında bəzi rayonlarda beş bal gücündə zəlzələ baş verdi. Xoşbəxtlikdən dağıntı və tələfat olmadı. Bəlkə də bu zəlzələ Bakının “Taliban”ına – Yasamal İcra Hakimiyyətinə bir siqnal idi. Maraqlıdır, o zəlzələdən biri də Bakıda olsa, bu və bunun kimi binaların aqibəti necə olacaq?
Ev adı altında tikilib satılan hündürmərtəbəli və ya darvazalı “məzarlıq”da sağ qalsaq, nəticəni görəcəyik…
Bizimyol.info