[center][medium]https://yenisoz.az/uploads/posts/2023-09/1693998851_1693978125_777.jpeg[/medium][/center]
Ötən həftələrdə Lənkəran və Astara rayonlarına Azərbaycanın zənginliyi, sərvəti hesab edilən Hirkan meşələrini və Qızılağac Milli Parkının gözəlliklərini çəkmyə getmişdik. Düzdür, Hirkan və Qızılağac Milli Parklarında çəkilişlərimiz ürəyimizcə oldu və parkların əməkdaşları ilə söhbətlər zamanı problemləri, planları öyrəndik. Yəni söhbətlərimiz uğurlu alındı. Amma…
Milli Parkların çəkilişlərindən sonra yolumuzu əslində “vikipediyada” milli parkın tarixi, mədəni məkanı kimi göstərilən Lənkəran Tarix Diyarşünaslıq Muzeyindən saldıq. Hansı ki, bu bina Lənkəran Xanı Mir Əhməd xanının sarayı olub. Əvvəlcə, sizə xan sarayının tarixindən söz açım, sonra qarşılaşdığımız problemləri dilə gətirərik. Deməli, Mir Əhməd xan bu sarayı sevimli həyat yoldaşı Tuğra xanımın şərəfinə ucaldıb. Bina 1913-cü ildə Avropadan gətirilən memarlar tərəfindən inşa edilib. Biannın tikintisində istifadə edilən bütün tikinti materialları isə, Bakıdan Lənkərana aparılıb. Binanın fasadın mifoloji fiqurlar yer alıb. Bina o dövrlərdə Lənkəranda ilk çoxmərtəbəli bina hesab edilib. Onu da deyək ki, Mir Əhməd xanın evi o dövrlərdə ilk elektrik enerjisi olan bina olub. Mir Əhməd xanla Tuğra xanımın övladları olmayıb. Xan 1916-cı ildə Fransaya səfəri zamanı dünyasını dəyişir, onun nəşi Lənkərana gətirilir və burada dəfn edilir. Xanın öülümündən sonra sovet hakimiyyəti illərində bina Tuğra xanımın əlindən alınır. Tuğra xanım Bakıya köçür. Xan xanımı olan Tuğra xanım, Bakıda çox ağır günlər görür, yaşaya bilmək üçün xadimə işləyir.
İndiki Tarix Diyarşünaslıq Muzeyi 1978-ci ildə Lənkəran xanının həyat yoldaşı üçün tikdirdiyi binaya köçürülüb. Muzeyin əməkdaşları bizi gülərüzlə qarşıladı. Amma jurnalist olduğumuz öyrənildikdə, sərbəst çəkilişə icazə verilmədi. Dedilər ki, “yuxarı”dan icazə alınmalıdır. Biz də o “yuxarı” deyilən şəxsi axtarıb tapdıq. Rauf adlı şəxsin nömrəsinə zəng edib, Hirkan Milli Parkından reportaj üçün Bakıdan gələn jurnalist olduğumuzu və muzeydə kiçik bir çəkiliş etmək istədiyimizi bildirdik. Rauf “müəllim” isə dedi ki, “yox, Mədəniyyət Nazirliyindən icazə alınmalıdır”. Qeyd etdik ki, “Bura muzeydir, hər kəsin üzünə açıq olan bir məkandır, biz burada jurnalist olduğumuzu demədən də çəkiliş edə bilərdik”.
Qısası; Rauf müəllim, bizi dinləmək və anlamaq istəmədi… Dedi ki, “gedin, Mədəniyyət Nazirliyindən icazə alın”. Biz də “hansı Mədəniyyət Nazirliyini deyirsiniz? Dövlət Təhlükəsizlik Xidmətinin “baş çəkdiyi” nazirliyimi deyirsiniz?” demədik…. Demədik, amma bildirdik ki, qarşılaşdığımız bu anormal “soyuq” münasibəti kəlimələrə tökəcəyik ki, bu da bizim haqqımızdır… Ən az o muzeydə çəkiliş etmək haqqımız qədər…
Biz özümüzü təqdim etmədən muzeyi gəzə və çəkiliş edərdik, hətta özünə jurnalist deyən bəzi “fəaliyyət icraçıları” kimi birinin də üstünə beşini qoyub qərəzli yazı yaza bilərdik. Yazmadıq, çünki biz öz peşəmizə və işimizə hörmət edirik, digərlərindən fərqli olaraq…
Lənkəran Tarix Diyarşünaslıq Muzeyində mədəniyyətin məsullarına yaraşmayan “hörmətsizlik”lə qarşılaşsaq da… Nə isə.. Lənət “şeytan”a deyib, Lənkəranda yerləşən Zindan qalasını çəkməyə getdik. Qeyd edək ki, dairəvi qala XVIII əsrdə tikilib. İddialara görə, qala Nadir şahın əmri ilə tikilib. Lənkəran rus qoşunları tərəfindən tutulduqdan sonra, 1869-cu ildən qala həbsxanaya çevrilir. Həbsxana 140 nəfər üçün nəzərdə tutulsa da, burada 310 nəfər yaxın dustaq saxlanılır. Hətta XX əsrdə Stalin də bu zindanda məhkumlardan olub. Yəni qalanın tarixi, tikilməsi, hətta istifadə edilməsi və “qonaqlar”ı çox maraqlıdır. Taleyinə “həbsxana” olmaq yazılmış qaladan 1956-cı ilə qədər cəza məqsədilə istifadə edilib. Buna görə də elə qalanın adı “Zindan qalası” qalıb.
Qala Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 saylı qərarı ilə bu qala memarlıq abidələri siyahısına salınıb və dövlət tərəfindən mühafizə olunur… Ya da olunmalıdır… Sanki belə desək, daha məqsədəuyğun olar. Dairəvi qala 2006-cı ildə regionların sosial-iqtisadi inkişafı planına əsasən təmir olunub. Sonra 2015-ci ildə güçlü qar qalanın dam örtüyünü dağıdıb və yararsız vəziyyətə salıb. Tarixi abidənin yenidən bərpası Mədəniyyət Nazirliyində 2020-2023-cü illərdə dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına icrası nəzərdə tutulan layihələrin siyahısına daxil edilib. İndi isə, qala “deyilənə görə” restavrasiya edilir. Ətrafını qala şəklində dizayn edilmiş örtüklə bağlayıblar.
Xüsusilə qeyd edək ki, 2020-2022-ci illər Mədəniyyət Nazirliyi üçün çox da uğurlu olmayan illərdir. Həmin illərdə nazirlikdə dərin yoxlamalar aparıldı, həbslər həyata keçirildi. Zindan qalasına baxanda görünən də odur ki, qala üçün ayrılan büdcə də “kiminsə və ya kimlərinsə” güdazına gedib. Qala 2023-cü ildə tam bərpa edilməli idi. Bu gün isə, 2023-cü ilin 10-cu ayının ilk günüdür….3 aya bərpa işlərinin başa çatacağı isə, inandırıcı görünmür…
Məncə Mədəniyyət Nazirliyi yerlərdə şöbələrinə jurnalistlərin hüquqi və qanuni fəaliyyətinə qadağa qoydurmağı tapşırmaqdansa, öz daxili kommunikasiya və “mədəniyyət” problemlərini həll etsə daha yaxşı nəticə alar…
İradə Cəlil, Bizimyol.info