Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 18-i saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində arabir leysan xarakterli yağış yağıb, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.
“Zirvə yolu” Xidmətdən verilən məlumata görə xəbər verir ki, Şahdağda, Zaqatala rayonunun dağlıq ərazilərində qar yağıb.
Düşən yağıntının miqdarı Astarada 121 (aylıq normanın 61%-i) , Balakəndə 111 (aylıq normanın 131%-i), Zaqatalada (aylıq normanın 112%-i) 95, Qaxda (aylıq normanın 38%-i) 45, Yardımlıda 20, Qusarda 19, Xaltanda 16, Xınalıqda 14, Qubada 12, Şahdağda 11, Ağdamda 10, Lənkəran, Xaltan, Şəki , Xaçmaz, Qobustan, Neftçala, Göyçay, Cəfərxan, Qəbələ, Oğuz, Tərtər, Biləsuvar, Şirvan, Sabirabad, İmişli, Zərdab, Yevlax, Mingəçevir, Şabran, Daşkəsən, Gəncədə 9, Bakı və Maştağada 5, Sumqayıtda 4, Binə və Pirallahıda 2 mm-dək olub.
Sentyabrın 17-i saat 23:00 radələrində Zaqatala rayonuna diametri 8-10 mm olan dolu düşüb.
Hazırda Zaqatalada Talaçaydan, Şəkidən isə Şinçaydan sel keçir.
Qrız, Qusar, Şahdağ və Lerikdə duman müşahidə olunub.
Şimal-qərb küləyi əsib, arabir Zaqatala və Balakəndə 25, Neftçalada arabir 20, Naftalanda arabir 18, Bakıda və Abşeron yarımadasında arabir 25-27 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.6 metrə çatıb.