Cəmiyyət

Müdafiə Nazirliyinin tabeliyindəki qurumlarla bağlı 143 milyonluq mənimsəmə – TƏFƏRRÜAT

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov və onunla birlikdə mühakimə olunan 3 nəfərin – Hərbi Hava Qüvvələrinin (HHQ) maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və bu idarənin zabiti Vüsal Əlizadənin işi üzrə məhkəmə istintaqı başlayıb. Onların işinə Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyilə baxılır.

Sentyabrın 22-də məhkəmədə prokuror ittiham aktını elan edib. İttiham aktında iddia olunur ki, Müdafiə Nazirliyi sistemində korrupsiya sxemi qurulub. Həmin sxemə əsasən, nazirliyin tabeliyindəki hərbi hissələr, hospital, təhsil müəssisəsi və s. qurumlar üçün ərzaq, əşya alışı zamanı qiymətlər şişirdilib. Büdcədən ayrılan vəsait şişirdilmiş rəqəmlərə uyğun olub. Tenderlərdə qalib elan edilmiş şirkətlərin hesabına da həmin vəsaitlər köçürülüb. Şirkətlər artıq vəsaitləri sonradan geri qaytarıb. Qaytarılan vəsaitlər də mənimsənilib.

2017-2022-ci illər ərzində bu yolla ümumilikdə 143 milyon manat mənimsənildiyi iddia olunur.

İttihama əsasən, Müdafiə Nazirliyinin tabeliyindəki qurumlar üçün ərzaq məhsulları “Azersun” şirkətindən alınır. İstintaq zamanı ortaya çıxıb ki, təkcə ərzaq qiymətlərinin şişirdilməsindən “Azersun”a pul köçürmələri nəticəsində 20 milyon vəsait mənimsənilib. Bundan başqa, “Avtoqrant” şirkətilə əməkdaşlıq nəticəsində 180 min manat yeyintiyə yol verilib.

Həmçinin arzaq və avadanlıq alışı zamanı şişirtmə nəticəsində Mərkəzi Hərbi Hospitalda 5 milyon, Ali Hərbi Məktəbdə 8 milyon, Cəmşid Naxçıvanski adına hərbi liseydə 2 milyon pul mənimsənildiyi iddia olunur.

General Nazimi Məmmədov bundan əlavə, Müdafiə Nazirliyinin keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıqovun göstərişilə nazirliyin Satınalmalar və Təchizat İdarəsi, Mənzil-İstismarı İdarəsinin rəislərilə əlbir olub, ümumilikdə 6 milyon manat mənimsəməkdə ittiham olunur.

İttihama münasibət bildirən general-mayor Nizami Məmmədov özünü qismən təqsirli bilib. O deyib ki, Satınalmalar və Təchizat İdarəsi, eləcə də Mənzil-İstismar İdarəsilə bağlı 6 milyonluq mənimsəmə epizodunu qəbul eləmir.

“Mən 12 milyonu qəbul eləyirəm, o ziyanı da ödəmişəm”, – Nizami Məmmədov əlavə edib.

Digər təqsirləndirilən şəxslər də özlərini qismən təqsirli bildiklərini deyiblər. Onlar ittihamda rəqəmlərin şişirdildiyini vurğulayıblar.

Məhkəmədə Cəlal Kazımovun vəkili müvəkkili haqqında cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb. O bildirib ki, cinayət işindəki sübutlar ziddiyyətlidir, əsassızdır. Hakim isə cavabında deyib ki, prosesin gedişində sübutlar araşdırılıb qiymət veriləcək.

Digər təqsirləndirilən Vüsal Əlizadənin vəkili isə məhkəmənin qapalı keçirilməsi barədə vəsatət qaldırıb. Deyib ki, təqsirləndirilən şəxslərin qapalı iclasda ifadə verməsi məqsədəuyğun olar ki, deyilənlər sosial şəbəkələrdə yayılmasın.

Bu vəsatət heç müzakirə olunmadan məhkəmənin qapalı keçirilməsinə qərar verilib.

Müdafiə Nazirliyinə daxil qurumlar üçün ərzaq və avadanlıqların alışı zamanı yeyintilərlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində aparılan araşdırmalara 177 nəfər cəlb olunub.

2022-ci ilin əvvəlində DTX əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Nizami Məmmədov və onunla birlikdə mühakimə olunan 3 nəfərlə yanaşı, Müdafiə Nazirliyinin bir xeyli başqa vəzifəli şəxsləri də məsuliyyətə cəlb olunub. Onların da hazırda məhkəməsi davam edir.

Yeyinti nəticəsində dövlətə dəymiş ziyanın təxminən 40 milyon manatının istintaq dövründə təqsirləndirilən şəxslər tərəfindən ödənildiyi bildirilir.

Təqsirləndirilən şəxslərdən biri – Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin keçmiş rəisi Məlikməmməd Qurbanov öz məhkəməsində bildirmişdi ki, şirkətlərə artıq ödənilən pullar geri qaytarılarkən Baş Qərargah rəisi Nəcməddin Sadıqova çatırdı. Sonradan həmin pulların hansı istiqamətə gedəcəyinə isə onun özü qərar verirdi.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. //meydanTV//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir