Cəmiyyət

“1 aydır ödəniş etmişik, məhsulu gətirib çıxarmırlar” – NARAZILIQ VAR!

Son vaxtlar karqo şirkətlərindən narazı qalanların sayı durmadan artır. Narazılıqların isə səbəbləri müxtəlifdir. Kimi sifarişin vaxtında çatdırılmadığından, kimi də ümumiyyətlə sifarişin icra olunmamasından şikayətlənir.

Oxşar problemlə qarşılaşan iki paytaxt sakini redaksiyamıza müraciət edib. Onlar eyni şirkətdən- “CAMEX”-dən şikayətçidirlər. Səbəbsə odur ki, bu vətəndaşlar xeyli müddət əvvəl Almaniyadan və Türkiyədən məhsul sifariş ediblər.

Sifarişin icrası üçün “CAMEX”-ə tələb olunan vəsait qabaqcadan ödənilib. Sifariş müqaviləyə əsasən 14 gün müddətində icra olunmalı olsa da aradan 1 aydan artıq vaxt keçib. Lakin, heç bir sifariş icra edilmir. Vətəndaşların bütün müraciətləri isə cavabsız qalıb.

Məsələyə aydınlıq gətirmək üçün “CAMEX” şirkəti ilə əlaqə saxlamağa çalışdıq. Lakin, şirkətin nə *2112 qaynar xətti, nə də ki, 070-267-03-05 əlaqə telefonuna cavab verən olmadı.

Şikayətlər artır…

Məsələ ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynovun fikirlərini öyrəndik.

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, son zamanlarda karqo şirkətləri ilə bağlı narazılıqlar xeyli artıb:

“Hazırda ölkəmizdə onlayn ticarət aparan 20-ə qədər şirkət var. Bu şirkətlər öz fəaliyyətlərini mövcud qanunvericiliyə uyğun qurmadıqları üçün daşıyıcı şirkətlərlə davamlı olaraq problem yaşayırlar. Nəticədə, istehlakçı ziyan görür. Gah istənilən məhsul yox, əvəzləyicisi gəlir, gah sifariş vaxtında icra olunmur.

Bəzi hallarda isə sifariş ümumiyyətlə icra edilmir. Bütün belə vəziyyətlərdə isə istehlakçının iradları qəbul olunmur. İndiki vəziyyətdə aldadılmış şəxs İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etməlidir. İstehlakçının hüququ var ki, malı dəyişdirsin və sifarişi icra edilmədiyi təqdirdə pulunu geri alsın”.

“Şirkət müraciətlərə cavab vermirsə, bu, dələduzluqdur”

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayevsə məsələnin hüquqi tərəfini izah edib:

“Burda iki məqam var. Bu ilk baxışdan mülki məsələdir. Əgər tərəflər arasında hansısa formada müqavilə bağlanıbsa və sifarişçi tərəf öz öhdəliyini yerinə yetirib tələb olunan pulu ödəyibsə, onda qarşı tərəf borcludur ki, öz öhdəliyini yerinə yetirsin. Qarşı tərəf bu və digər səbəbdən öhdəliyini yerinə yetirmirsə, onda sifarişçi məhkəməyə müraciət edə bilər.

İkinci məqam odur ki, saxta yolla hansısa şirkət yaradılır. Elan edilir ki, onlar onlayn ticarət həyata keçirirlər. Lakin, heç bir izah verilmədən sifarişçi incidilirsə, malı vaxtında çatdırmırsa, telefona cavab vermirsə, ünsiyyətdən qaçırsa, onda burda dələduzluq tərkibi var.

Bu artıq cinayət əməlidir. Belə vəziyyətdə aldadılmış şəxs ilkin olaraq həmin şirkətə rəsmi müraciət etməlidir. Bu müraciət onlayn da edilə bilər. Əgər şirkət cavabdan və ünsiyyətdən qaçacaqsa, bu vəziyyətdə vətəndaş polisə müraciət etməlidir. Bu müraciət əsasında da qarşı tərəfə cinayət işi başlanılır”.

Mövzunu diqqətdə saxlayacağıq. //Bizim.Media//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir