Cəmiyyət

Məhkəmə də ömürlük şikəst qalan işçinin HAQQINA GİRDİ… – AXI NİYƏ?!

«Təzadlar»a müraciət edən Qəhrəmanov Seymur Qəhrəman oğlu ikinci dəfədir qarşılaşdığı problemin həllində bizdən kömək istəyir. O, şikayət ərizəsində yazır: «Hörmətli «Təzadlar». Sizin ötən dəfəki müdaxilənizdən və araşdırmanızdan sonra Nərimanov rayon Prokurorluğunda şikayətimə baxıldı. Ən maraqlısı, mənim məhkəməyə gəlməyim barədə bildiriş olmadığından mülki iddia ərizəmi icraata götürən Nərimanov rayon Məhkəməsi (hakim Hafiz Kamranov) yalnız məni neçə aydır şikəst qoyan, eləcə də işə gedə bilməməyimə görə əmək haqlarımı da düzgün hesablayıb verməyən Süleymanov Rafət Əli oğlunun barəsində cərimə kəsərək işi bağladı. Məhkəmənin 17 may 2023-cü il tarixli Qərarına baxarkən həqiqətən də aydın görünür ki, hakim 20.09.2022 tarixində Nərimanov rayonu, S.Rəhman-22 ünvanında sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rafət Süleymanovun işlətdiyi obyektdəki şüşə üzlüklərin vurulmasında işə cəlb etdiyi Seymur Qəhrəmanovun hundurlukdən yıxılmasına qarşı təhlükəsizlik tədbirləri görmədiyini, bu pozuntuların səbəbini soruşmuşdur. Amma məhkəmə Seymur Qəhrəmanovun Qanunvericiliyin tələbinə uyğun olaraq isə götürən kimi işçi S.Qəhrəmanovla Əmək müqaviləsini niyə bağlamamasının səbəbini soruşmamışdır. Soruşmamağı bir yana, bu ciddi qanun pozuntusuna görə işəgötürənə qarşı hər hansı bir cəza təyin etməmiş, bu əmələ hüquqi qiymət verməmişdir…».

Şikayətçinin açıqlamalarına onu da əlavə edək ki, 2019-cu il yanvarın 1-dən məcburi dövlət sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə funksiyalar Vergilər Nazirliyinə həvalə edildiyindən, Dövlət Sosial Müdafiə Fondunun əmək müqavilələri sahəsində yoxlamalar aparmaq səlahiyyəti ləğv olunub. Hazırda əmək müqavilələrinin bağlanılması vəziyyəti ilə bağlı yoxlamaları iki dövlət qurumu – Vergilər Nazirliyi və Dövlət Əmək Müfəttişliyi həyata keçirir. Əmək müqavilələrinin bağlanılması vəziyyətinə dövlət nəzarətini həyata keçirən hər iki qurumun qanunsuzluq faktları aşkara çıxarılan zaman tətbiq etdiyi məsuliyyət tədbirləri isə fərqlidir.

***

Mövzunu «Təzadlar»a şərh edən iqtisadçı-ekspert Anar Bayramov bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə – fiziki şəxslər min manatdan 2 min manatadək, vəzifəli şəxslər 3 min manatdan 5 min manatadək, hüquqi şəxslər isə 20 min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Göründüyü kimi, burada əmək müqaviləsiz işlədilən işçilərin sayının cərimənin məbləğinə təsiri yoxdur. Əmək müqaviləsiz işlədilən 1 işçi üçün də, 5 işçi üçün də eyni məbləğdə cərimə tətbiq olunur. Hüquqi şəxslərin cəriməsinin fiziki şəxslərlə müqayisədə təxminən 20 dəfə artıq olması isə diqqəti çəkən məqamlardandır.

Eyni təqvim ilində 3-cü dəfə cərimə ödəyən işəgötürən bu halı yenə də təkrar edərsə, bu zaman artıq ona 4-cü, 5-ci və sair dəfə etdiyi qanun pozuntusu zamanı əmək müqaviləsiz işlədilən hər işçi üçün 6 min manat cərimə tətbiq olunur.

Vergi ödəyicisi tərəfindən işçilərin əmək müqaviləsiz işə cəlb edilməsi faktlarını aşkara çıxarmaq məqsədilə vergi orqanları tərəfindən aparılan yoxlamalar zamanı qanun pozuntularına münasibətdə Vergi Məcəlləsinin 58.10-cu maddəsi tətbiq edilir. Həmin maddəyə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə, işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində bu cür hallara birinci dəfə yol verdikdə 2 min manat, ikinci dəfə yol verdikdə 4 min manat, üç və daha çox dəfə yol verdikdə isə 6 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Qeyd edək ki, vergi orqanları tərəfindən tətbiq olunan sanksiyaların həm məbləğində, həm də tətbiq edilmə qaydasında 1 yanvar 2019-cu ildən əsaslı dəyişiklik olub. Vergi orqanlarının tətbiq etdiyi cərimələrin Dövlət Əmək Müfəttişliyi Xidmətinin cərimələrindən fərqli və nisbətən mürəkkəb olduğunu nəzərə alaraq, bu sanksiyanı misal üzərində nəzərdən keçirək. Misal: Tutaq ki, vergi nəzarəti tədbirləri (operativ vergi nəzarəti və yaxud səyyar vergi yoxlaması) zamanı məlum olur ki, mağazada çalışan 2 işçi əmək müqaviləsi olmadan işə cəlb edilib. Bu zaman təqvim ili ərzində belə hala birinci dəfə yol verdiyini nəzərə alan vergi orqanları işəgötürənə 4 min manat (2.000 manat x 2 işçi) cərimə kəsir. Hesab edək ki, eyni təqvim ili ərzində ikinci dəfə işəgötürənin əmək müqaviləsiz işçi çalışdırması (yenə 2 işçi) aşkar olunub, bu zaman işəgötürən 8 min manat (4.000 x 2 işçi) cərimə ödəməli olacaq. Misalın davamı kimi, hesab edək ki, eyni təqvim ilində vergi orqanları üçüncü dəfə eyni işəgötürənin əmək müqaviləsiz işçi işlətməsini (yenə də 2 işçi) qeydə alır. Artıq bu zaman işəgötürən 12 min manat (6.000 x 2 işçi) ödəməli olacaq. Eyni təqvim ilində 3-cü dəfə cərimə ödəyən işəgötürən bu halı yenə də təkrar edərsə, bu zaman artıq ona 4-cü, 5-ci və sair dəfə etdiyi qanun pozuntusu zamanı əmək müqaviləsiz işlədilən hər işçi üçün 6 min manat cərimə tətbiq olunacaq.

Vergi Məcəlləsinə görə, ölkəmizdə vergi ili təqvim ilidir və təqvim ili 1 yanvar – 31 dekabr müddətini əhatə edir. 1 yanvar 2019-cu ilədək əmək müqaviləsi ilə bağlı cərimənin hesablanması qaydası və məbləği fərqli idi. Əvvəllər bir təqvim ilində işəgötürənin eyni qanun pozuntusunu (əmək müqaviləsiz işçi çalışdırma) neçə dəfə etməsindən asılı olmayaraq, ona hər dəfə hər müqaviləsiz işçiyə görə min manat maliyyə sanksiyası tətbiq edilirdi. Bir məsələni də vurğulayaq ki, 30 noyabr 2018-ci il tarixli “Azərbaycan Respublikasnın Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 1 yanvar – 31 dekabr 2019-cu il tarixində (bir il) əmək müqaviləsiz işçi çalışdırılmasına birinci dəfə yol verildikdə, vergi orqanı işəgötürənə cərimə kəsmir, ona yazılı formada rəsmi xəbərdarlıq edir. Sonrakı vergi nəzarəti tədbirləri zamanı isə cərimələr tətbiq olunur.

Əgər vergi ödəyicisi eyni əməlləri təkrar törədərsə, bu zaman üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma tətbiq olunur.

Əmək müqaviləsiz işçinin işlədilməsi ilə bağlı vacib məqamlardan biri də ondan ibarətdir ki, əgər dövlət orqanlarının yoxlamaları zamanı əmək müqaviləsi bildirişi olmadan xeyli sayda, yəni on nəfər və ondan çox işçinin əməyə cəlb edilməsi aşkara çıxarılarsa, bu zaman işəgötürənə Cinayət Məcəlləsinin fərqli maddələri tətbiq oluna bilər. Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə («Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi») əsasən, əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi 7 min manatdan 10 min manatadək məbləğdə cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Əgər vergi ödəyicisi eyni əməlləri təkrar törədərsə, bu zaman üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma tətbiq olunur.

Burada bir vacib məsələni də qeyd edək ki, yalnız bir dəfə Cinayət Məcəlləsi üzrə tələbləri pozan şəxs Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda, habelə yayındırılmış vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.

***

Gəlirik mətləbə: belə olmalı ikən, axı nə üçün hakim Hafiz Kamranov Qanunvericiliyin tələblərində göstərilənləri nəzərə almayıb və Sahibkar Rafət Süleymanovun bu qanunsuzluqlarına niyə elə yalnız quruca cərimə kəsməklə işi bağlamış və yekun qərar vermişdir? 1 ildir ki, ayaqları şikəst vəziyyətdə olan və evə dolanışıq gətirməkdə əziyyət çəkərək işə çıxa bilməyən, hələ də yataq xəstəsi olan Seymur Qəhrəmanova kompensasiya verilməsi üçün cavabdeh işəgötürən Rafət Süleymanovun üzərinə məhkəmə hər hansı öhdəlik qoymamışdır? Bu hansı ədalətdəndir ki, hakim işcini əmək müqaviləsiz işlədib qanun pozanı yalnız 1500 manat cərimə ilə məsuliyyətdən və cavabdehlikdən azad edir? Hətta Ekspertiza rəyində xəsarətin ağir dərəcəli olduğu göstərildiyi halda, hakim cavabdehə olmazın güzəşt etməli olub. Eləcə də hakim nədən cavabdeh Rafət Süleymanovun üzərinə hazırda yataq xəstəsi kimi yerimə imkanlarını itirən Seymur Qəhrəmanova hər hansı bir maddi yardım göstərilməsi öhdəliyini qoymayıb?

Maraqlıdır, vətəndaş hüquqları pozulduqda məhkəməyə müraciət edir, məhkəmədə isə bütün ümidləri puç olur. Buna yanlız təəssüflənməli oluruq…

Mövzuya qayıdacağıq.

«Təzadlar»

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir