Siyasət

Bilal Ərdoğan Azərbaycana gəlib

Bilal Ərdoğan Azərbaycana gəlib.

“Zirvə yolu” xəbər verir ki, bu badərə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Elm Yayma Vəqfi və Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyini və Azərbaycan İlahiyyat İnstitutunu ziyarət edib.

Qonaq əvvəlcə Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyində olub. Liseyin konfrans zalında 27 sentyabr – Anım Günü ilə əlaqədar tədbir təşkil edilib və fəxri qonaqla görüş keçirilib. Tədbirdə Azərbaycanın azadlığı uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni və Türkiyənin İstiqlal marşı səsləndirilib.

Daha sonra 27 sentyabr – Anım Günü münasibəti ilə vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərin ruhuna Türkiyə Dəyanət İşləri Başqanlığı Müshəf Tədqiqləri və Qiraət Şurasının üzvü Fatih Okumuş tərəfindən Qurani-Kərimdən ayələr tilavət edilib.

Türkiyə səfirliyinin dini işlər üzrə müşaviri İhsan Açık tədbirin təşkilinə görə məktəb kollektivinə təşəkkür edib və qonağa öz dəyərli vaxtını ayırıb şagirdlərlə görüşə gəldiyi üçün öz minnətdarlığını bildirib.

Daha sonra Bilal Ərdoğan ona ünvanlanan sualları cavablandırıb. Qonaq ilk oxuduğu kitab, məktəb və ilk müəllimləri haqqında ünvanlanan sualları cavablandıraraq şagirdlər tərəfindan maraqla dinlənilib. O eyni zamanda övladının Quran hafizi olmasından və hafizliyin dəyərindən danışıb. Təhsilin insan həyatındakı önəminə diqqət çəkən Bilal Ərdoğan modern dünyanın ən böyük silahının güclü təhsil olduğunu qeyd edib. Ən çox sevdiyi idman sahəsi hansıdır sualına isə qonaq oxçuluq olduğunu qeyd edib və oxçuluğun tarixindən danışıb. O eyni zamanda milli kimliyin əhəmiyyətindən də bəhs edib.

Tədbirdə şagirdlərin ifasında şəhidlərə həsr edilmiş şeirlər dinlənilib.

Tədbirin sonunda məktəb rəhbərliyinə qonaqlar tərəfindən xatirə hədiyyələri təqdim edilib və xatirə şəkilləri çəkilib.

Daha sonra Bilal Ərdoğan Azərbaycan İlahiyyat İnstitutunu ziyarət edib. İnstitutun rektoru Aqil Şirinov tərəfindən qaşılanan qonağa universitetin fəaliyyəti, tələbələrə yaradılan imkanlar haqqında geniş məlumat verilib. Daha sonra İnstitutun konfrans zalında tələbə və akademik müəllim heyəti ilə görüş keçirilib.

Tədbirdə 27 sentyabr – Anım Günü münasibəti ilə vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərin ruhuna Türkiyə Dəyanət İşləri Başqanlığı Müshəf Tədqiqləri və Qiraət Şurasının üzvü Fatih Okumuş tərəfindən Qurani-Kərimdən ayələr tilavət edilib.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov çıxış edərək dəyərli qonağı salamlayıb, 27 sentyabr – Anım Gününün əhəmiyyətindən bəhs edib, vətəninin azadlığı uğrunda canlarından keçmiş şəhidlərə rəhmət diləyib. O eyni zamanda qonaqlara İnstitutunun uğurlu fəaliyyətindən bəhs edib və iki dövlət arasındakı əlaqələrin inkişafına hər zaman töhfə verəcəklərini qeyd edib.

Türkiyə səfirliyinin dini işlər üzrə müşaviri İhsan Açık tədbirin təşkili üçün İnistitut kollektivinə öz təşəkkürünü bildirib. O, içərisində olduğumuz günlərin əhəmiyyətindən bəhs edib. Şəhidlərin unudulmaması üçün dəyərli liderlərə ehtiyac olduğunu vurğulayıb və qonağa öz dəyərli vaxtını ayırıb tələbələrlə görüşə gəldiyi üçün öz təşəkkürünü bildirib.

Daha sonra Bilal Ərdoğan ona ünvanlanan sualları cavablandırıb. Bilal Erdoğan özünün uşaqlıq və dünyanın ən nüfuzlu universitetlərindəki tələbəlik illərindən danışaraq tələbələrlə öz təcrübəsini paylaşıb. O eyni zamanda tələbələrə öz sahələrində yaxşı mütəxəssis olmalarını və çox çalışmalarını tövsiyə edib. Elmin son dövrlər Avropadan Şərqə doğru inteqrasiya etdiyini vurğulayan natiq Əziz Səncərlərin, Səlcuq Bayraktarların bu həqiqətin ən bariz numunəsi olduğunu qeyd edib.

Tədbirin sonunda İnstitut rəhbərliyinə və qonaqlara qarşılıqlı xatirə hədiyyələri təqdim edilib və xatirə şəkilləri çəkilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir