Keçmiş hərbçi general Rəhim Cəfərovdan şikayətçidir – “Soruşdum ki, tək uşaqlar da əməliyyata gedəcək, məni tərxis etdirdi…”
Naxçıvan Muxtar Respublikası, Culfa rayon sakini Əsədli Şahin Rza oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, general Kərəm Mustafayevin birinci müavini Rəhim Cəfərov onu şərləyərək, hərbi hissədən tərxis etdirib:
“Mən, Əsədli Şahin Rza oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
2022-ci ilin yanvar ayında əsgərliyə getmişəm, fəxri fərmanla əsgərliyi bitirmişəm. Əsgərliyə gedən ilk gündən istəyirdim hərbçi kimi işləyim. Qalıb, kurs keçdim və hərbçi kimi işlədim. İmtahanlardan hər dəfə 5 qiyməti almışam. Cəmi 2 ay idi işləyirdim, birinci ayı normal maaş aldım, lakin 2-ci aydan maaşım kəsildi…
19 sentyabr 2023-cü ildə antiterror əməliyyatı zamanı komandirə yaxınlaşıb sual verdim ki, tək uşaqlar da əməliyyata gedəcək? Bu zaman general Rəhim Cəfərov məruzə edib ki, Əsədli Şahin Rza oğlu tərxis edilsin.
Evin tək uşağıyam, bir xəstə anam var. Bu səbəbdən o sualı verdim ki, anamla danışıb gedim.
Sentyabrın 26-da məhkəmə oldu, bir daha tərxis olunmağım haqda qərar verildi. Komandirim orada olmadığı halda məni tərxis etdilər.
Mənim şikayətim Rəhim Cəfərovdandır. Məni niyə, hansı səbəbə görə tərxis edib? Bir suala görə belə etməzlər axı.
Anam Fuad Nəcəfliyə və Baş nazirə teleqram vurub. Məhkəmədə mənə dedilər ki, anan teleqram vurub, amma xeyri yoxdur, əmrin veriləcək.
Özümüz kirayədə yaşayırıq, anamın gözləri zəifdir, görmür, indi dirduq yerə işimdən də oldum. Müharibədən qorxsaydım hərbçi kimi qalıb işləməzdim.
Cənab Fuad Nəcəflidən və Baş nazirdən xahiş edirəm ki, mənə köməklik etsin”.