Cəmiyyət

NDU- da SAQQAL QADAĞASI… – BU NƏDİ BELƏ?

NDU-nin İncəsənət fakültəsində təhsil alan tələbələrə saqqal saxlamağın qadağan olunduğu bildirilir. Yeni qaydaya görə, fakültənin oğlan tələbələrindən hər gün üzlərini qırxıb, dərsə gəlmələri tələb olunur. Bundan əlavə, tələbələrə üzərində şəkil, yaxud hansısa yazı olan müasir paltarlar geyinmək də yasaqlanıb.

Zirveyolu.info  bildirir ki, bu haqda „Gündəlik Naxçıvan“a bir qrup tələbə məlumat verib.

Şikayətçi tələbələr deyir ki, bu qaydanı pozanlar rəhbərlik tərəfindən sıxışdırılır və cəzalandırılırlar. Onların sözlərinə görə, yeni qaydaya şəxsən dekan nəzarət edir. Tələbələrdən B.M. deyir ki, dərsə saqqalı, yaxud üzərində çizgi olan paltarla gələnlərə qayıb yazılır, onlar kursda saxlanılmaqla hədələnirlər:

“Biz nə polis akademiyasında, nə də hərbi məktəbdə oxuyuruq. Heç, əsgəri xidmətdə də deyilik, incəsənət fakültəsində oxuyuruq. Dərsin keyfiyyəti ilə maraqlanan yoxdur. Ancaq, işləri, gücləri oğlan tələbələrin saqqalına, geyimlərinə nəzarət etməkdir. Bizdən hər gün üzümüzü qırxmağı tələb edirlər. Görəndə ki, kiminsə üzündə azca tük var, yaxud şəkili paltar geyinib, qayıb yazırlar, imtahanda kəsməklə hədələyirlər. Ötən həftə oğlanlardan birinin köynəyində pələng şəkli vardı deyə, dərsdən qovdular”.

Adının çəkilməsini istəməyən başqa bir tələbə də universitetdə geyim qaydasının sərbəst olmasına baxmayaraq, yeni qadağanın tətbiqindən şikayətçidir:

“Vasif Talıbovun vaxtında vahid geyim qaydası var idi, lakin o zaman saqqala qarışmırdılar. Rəhbərlik dəyişəndən sonra elan edildi ki, geyim sərbəstdir, kim necə istəyir elə də geysin. İndi, incəsənət fakültəsinin dekanılığı oğlan tələbələrin geyiminə müdaxilə edir. Bu paltar güllüdür, bunda şir şəkili var, bunda fil şəkili var, geyinmək olmaz deyirlər. Bu azmış kimi hər gün saqqalımızı da yoxlayırlar, saqqal saxlayanları da sıxışdırırlar”.

NDU-dan tələbələrin iddialarına münasibət öyrənmək mümkün olmadı. Onların da mövqeyini işıqlandırmağa hazırıq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir