“Şuşa: Türkün zirvəsi” sənədli filminin azərbaycan və özbək dilində Azərbaycanda və Özbəkistanda təqdimat mərasimləri keçiriləcək
“Zirvə yolu” xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İsmayıllı Yazarları” ədəbi ictimai birliyi tərəfindən həyata keçirilən “Şuşa: Türkün zirvəsi” sənədli filminin azərbaycan və özbək dilində hazırlanaraq Azərbaycanda və Özbəkistanda təqdimat mərasimlərinin keçirilməsi layihəsi 1 sentyabr – 31 oktyabr 2023-cü il tarixləri əhatə edən 2 (iki) ay müddətində icra olunur. Layihə rəhbəri Şahməmməd Soltanovdır.
Layihə çərçivəsində “Şuşa: Türkün zirvəsi” sənədli filmi azərbaycan və özbək dilində hazırlanıb və bunun Azərbaycanda və Özbəkistanda təqdimat mərasimlərinin keçirilməsi məqsədi ilə hazırlıq işləri görülür.
Sənədli filmdə Şuşa şəhərinin yaranması, mədəniyyət və təhsil mərkəzi kimi formalaşması, XIX əsrdə baş vermiş müxtəlif siyasi kataklizmlərin Şuşaya təsiri, XX əsrin müxtəlif tarixi dövrlərində Şuşanın ermənilər tərəfindən hücumlara və şəhərdə dinc əhalinin qırğınlara məruz qalması, XX əsrin sonlarında Şuşanın işğalı, şəhərdəki tarixi-dini abidələrin dağıdılması, özününküləşdirilməsi və özgəninkiləşdirilməsi, həmçinin 44 günlük Vətən müharibəsində Şuşanın işğaldan azad edilməsi barədə ətraflı məlumat verilir. “Şuşa: Türkün zirvəsi” sənədli filmində Şuşa şəhərinin məhz Türk dünyasının ayrılmaz parçası olduğu, Şuşadan çıxmış görkəmli şəxsiyyətlərin Türk dünyasının bütövləşməsi uğrunda yorulmaz fəaliyyət göstərdikləri konkret tarixi faktlarla göstərilir. Filmdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün Özbəkistan tərəfindən hər zaman və bütün formatlarda pisləndiyi, Azərbaycanın ədalətli mövqeyini və 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqının işğalçılara qarşı mübarizəsini dəstəklədiyi, işğaldan azad edilmiş Qarabağ bölgəsində bərpa və yenidənqurma işlərində Azərbaycana qardaş köməyi etdiyi xüsusi vurğulanır. Sənədli filmin hər iki versiyada olan müddəti – 21 dəqiqə 57 saniyədir.