Hazırda Azərbaycanın valyuta bazarında tarazlıq müşahidə olunur ki, bu da məzənnə sabitliyini dəstəkləyir.
“Zirvə yolu” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2024-cü ilin dövlət büdcəsinin proqnozlarının müzakirəsi zamanı deyib.
Baş bankir bildirib ki, fiskal əməliyyatlarla əlaqədar olaraq bu il Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi 1 milyard 248 milyon ABŞ dolları təşkil edib:
“İqtisadi artım perspektivləri ilə bağlı gözləntilərimiz nikbindir: Mərkəzi Bankın son proqnozlarına əsasən, ÜDM-in 2023-cü ildə 1,5 %, 2024-2025-ci illərdə müvafiq olaraq 3,5 % və 4 %-dək artacağını proqnozlaşdırırıq. Qeyri-neft ÜDM-də isə 2023-cü ildə 3 %, 2024-cü ildə 6 % və 2025-ci ildə isə 5,5 %-dək artım proqnozlaşdırılır”.
T. Kazımov əlavə edib ki, cari ilin sentyabr ayında illik inflyasiya 5,1 % səviyyəsinə düşüb: “O cümlədən, ərzaq məhsulları üzrə istehlak qiymətləri 4,5 %, qeyri-ərzaq məhsulları üzrə 5,9 %, xidmətlər üzrə isə 5,4 % artıb”.