Cəmiyyət

Gəncə şəhərində 5 noyabr tarixində “Gəncəsənət” layihəsi çərçivəsində növbəti İncəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkası keçirilib

“Zirvə yolu” xəbər verir ki, Gəncə şəhərində 5 noyabr tarixində “Gəncəsənət” layihəsi çərçivəsində növbəti İncəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkası keçirilib. Sərgi-yarmarka 5 noyabr tarixində saat 11:00-17:00 arası Urban Mərkəzində (eyni zamanda mərkəzin qarşısındakı meydançada) baş tutub.
Tədbir Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini anmaqla açıq elan edilib. İlk öncə söz Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulu Rəcəb Öztopa verilib. Baş konsul çıxış edərək bu tədbirin Gəncə və ətraf rayonlarda yaşayan sənətkarların fəaliyyətinə böyük töhfə olduğunu bildirdi. Belə tədbirlərin gələcəkdə daha tez-tez keçirilməsinin vacibliyini vurğulayan Baş konsul iştirakçılara uğurlar arzuladı. Daha sonra çıxış edən Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin, Gəncə Regional Məşğulluq İdarəsinin rəisləri, Gəncə Regional Turizm İdarəsinin xanım nümayəndəsi tədbirin Gəncə və ətrafı, eləcə də ölkəmiz üçün əhəmiyyətindən danışdılar, mədəniyyətimiz təbliği baxımından uğurlu olduğunu vurğuladılar. Şəhər ictimaiyyəti adından Qarabağ müharibəsi veteranı, ehtiyatda olan hərbçi, Turan İB-nin Gəncə üzrə rəhbəri Nizami Allahverdiyev çıxış edərək ölkəmizin Türk dünyasında tutduğu mövqeyi, ölkəmizin Türkiyə və digər Türk dövlətləri ilə dərin köklərlə bağlandığını bildirərək, bu cür tədbirlərin gənclərimizdə milli şüurun daha da inkişafı baxımından xüsusu əhəmiyyəti olduğunu qeyd etmişdir. Gəncə Uşaq incəsənət məktəbinin rəqs kollektivinin ifa etdiyi milli rəqsimiz tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.
Bundan sonra iştirakçılar sərgi-yarmarkaya baxışa dəvət olundular.
Baş Konsul Rəcəb Öztop iştirakçıların müxtəlif sənət nümunələri ilə bağlı hazırladıqları stendlərə yaxınlaşaraq onların yaradıcılıq fəaliyyəti ilə maraqlanmışdır. Urban mərkəzinin binasında isə iştirakçıları “Göygöl” Dövlət Mahnı və Rəqs ansamblının üzvləri maraqlı musiqi kompozisiyaları ilə qarşılamışlar.
Azərbaycan Rəssamlar İttifaqının üzvü, Dekorativ tətbiqi sənət ustası, rəssam Məhərrəmov Saləddin Baş konsula yaradıcılığı barədə geniş məlumat verdi. Sonda Baş konsul Rəcəb Öztop tədbirdən xoş təəsüratlarla ayrıldığını bildirərək iştirakçılara yeni yaradıcılıq uğurları arzuladı.
Qeyd edək ki, adıçəkilən tədbir Gəncə Şəhər İcra hakimiyyətinin, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin, Gəncə Regional Məşğulluq İdarəsinin, Gəncə Regional Turizm İdarəsinin və KOBİA-nın dəstəyi ilə keçirilmişdir. Sərgi-yarmarkada iştirak ödənişsiz olmuşdur.
Tədbirin məqsədi şəhərimizdə və bölgəmizdə müxtəlif istiqamətli sənət növlərinin yaşadılması və inkişafı, alıcı və sənətkarlar arasında birbaşa körpülərin salınması, yaradıcılıqla məşğul olan insanlar arasında inkişafyönümlü dialoqun qurulması, sakinlərimizdə sənətkarlıq və incəsənətə marağn artırılması, həmçinin şəhərimizin mədəni həyatının canlandırılmasıdır.

Tədbirdən fotolar:

 

 

 

 

 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir