Cəmiyyət

Qazaxda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Sarılan hər yara Vətəndən bir nişanədir” adlı tədbir keçirilib

Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, düşmənin hərbi-siyasi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu. Əldə etdiyimiz tarixi Qələbimizə görə Müzəffər Ali Baş Komandana, canlarını Vətən yolunda fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdarıq. İllər keçsə də Azərbaycan xalqı milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş o tarixi Qələbəni bizə bəxş edən, ölkəmizin müstəqilliyi, suverenliyi və azadlığı uğrunda canlarından keçərək qəhrəmanlıq salnaməsi yazan şəhidlərimizin xatirəsini hər zaman əziz tutur.

Artıq 3 ildir ki, Azərbaycanın Qarabağda qazandığı Böyük Qələbə – Zəfər Günü kimi qeyd olunur. O Zəfər Günü ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla təsis edilib. Ölkə Prezidentinin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 8-i həm də Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunacaq. Bu il ilk dəfə 8 noyabr həm də Şuşa Şəhəri Günü kimi yaddaşlara yazılacaq.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 8 Noyabr – Zəfər Günü silsilə tədbirlərlə qeyd edilir.

Noyabrın 6-da TƏBİB-in tabeliyindəki “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Sarılan hər yara Vətəndən bir nişanədir” başlığı altında tədbir keçirilib.

Xəstəxananın akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan Samir Çobanov, şəhid ailələri, qazilər və tibb işçiləri iştirak ediblər.

Tədbirdən əvvəl Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun Xəstəxananın qarşısında yerləşən bulağı önünə gül dəstələri düzülüb, igid Vətən oğlunun əziz xatirəsi ehtiramla anılıb.

Xəstəxananın akt zalında davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tarixi Qələbəmizdən bəhs edən videoçarx nümayiş etdirilib.

“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə təbriklərini çatdırıb, ürək sözlərini bölüşüb. S.Məmmədova diqqətə çatdırıb ki, Azərbaycanın tarixində mühüm rol oynayan Heydər Əliyev kimi dünyaşöhrətli bir siyasətçinin oğlu olması İlham Əliyevin Ulu Öndər məktəbinin layiqli yetirməsinə çevrilməsinə vəsilə oldu. Azərbaycanın müqəddəratı ilə bağlı həyata keçirdiyi bütün taleyüklü işlər zamanı oğlu İlham Əliyev hər zaman Ulu Öndərlə bərabər olub. Buna görə idi ki, ömrünü Azərbaycan üçün şam kimi əridən, azərbaycanlı olması ilə daim fəxr edən böyük vətənpərvər Heydər Əliyev Azərbaycanın gələcəyini də özü qədər inandığı  İlham Əliyevə etibar etmişdi. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ən parlaq uğurlara imza atması isə müstəqil Azərbaycanın bünövrəsini qoymuş və indi yüz illik yubileyini təntənəli şəkildə qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ən böyük töhfədir. S.Məmmədova Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsində şanlı Qələbənin önəmindən, bu tarixi Zəfəri şərtləndirən amillərdən söz açaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi qəhrəmanlığı xalqımızın heç zaman unutmayacağını söyləyib.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan Samir Çobanov çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi ürək sözlərini çatdırıb. S.Çobanov qeyd edib ki, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməli, Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq. Erməni işğalından azad olunan torpaqlarda üçrəngli bayrağımızın dalğalanması üçün canından keçən bütün şəhidlərimizin əziz xatirəsini daim ehtiramla anmalıyıq. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu qeyd edib. Ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu vurğulayıb. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü, rayon rəhbərliyi tərəfindən şəhid ailələrinə, qazilərimizə yüksək səviyyədə qayğı göstərildiyini söyləyib. S.Çobanov 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin tibb işçilərinin öz vəzifə borclarını ləyaqətlə yerinə yetirdiklərini, həkimlərimizin döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük fədakarlıq göstərdiklərini vurğulayıb.

Həkim Sima Qapaqova çıxış edərək bildirib ki, bu gün Ulu Öndərin ruhu şaddır, dünyanın ən böyük azərbaycanlısı, ölkəmizə rəhbərlik etmiş dahi rəhbər, ən əsası Müzəffər Ali Baş Komandan İlham Əliyevin timsalında torpağını, xalqını sevən vətənpərvər bir oğulun atasıdır. Ata vəsiyyəti ilə başlanan Zəfər yolu nəticəsində 30 il müddətində işğal altında olan torpaqlarımız azad olundu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Bu qələbəni, sevinc və qürur hissini bizə yaşadan şəhidlərimizə, qazilərimizə və Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarıq.

Xəstəxananın baş tibb bacısı Kəmalə Qocayeva çıxış edərək 44 günlük Vətən müharibəsindəki qələbəmizin üçüncü ilinin tamam olması ilə əlaqədar olaraq təbriklərini çatdırıb. O, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərdən danışaraq bildirib ki, ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi hər zaman diqqət və ehtiramla yad edilir.

“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Xəstə Xidmətləri şöbəsinin koordinasiya bölməsinin müharibə iştirakçıları ilə iş üzrə mütəxəssisi Əli Nağdalıyev çıxış edərək əlamətdar gün münasibətilə təbriklərini çatdırıb. “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin həkim kollektivi tərəfindən hər zaman şəhid ailələrinə, qazilərimizə xüsusi diqqət və qayğı göstərildiyini qeyd edib.

Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid tibb xidməti leytenantı Adil Əfəndiyevin atası Qədir Əfəndiyev çıxış edərək 8 Noyabr – Zəfər Günü münasibətilə təbriklərini çatdırıb, 44 gündə tarix yazan şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb. Şəhid atası Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə Azərbaycan dövlətinin gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdiklərini, bu gün xalq olaraq ordumuzla, şəhidlərimizlə, qazilərimizlə qürur duyduğumuzu söyləyib.

Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid gizir Amid Məmmədovun atası Müqabil Məmmədov çıxış edərək 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi ürək sözlərini bölüşüb. Şəhid atası qeyd edib ki, üç il öncə Vətən müharibəsində işğalçı ölkə Ermənistanın ordusuna vurulan sarsıdıcı zərbələr, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi parlaq Qələbə tarixi torpaqlarımızın 30 illik işğaldan azad edilməsinə, suverenliyimizin təmin olunmasına yol açdı. Bu gün qalib ölkənin vətəndaşları olaraq şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə, Müzəffər Ali Baş Komandana borcluyuq.

Ömrünün 20 ilini hərbiyə həsr edən, 2-ci dərəcəli Vətən müharibəsi əlili, mayor Xəyyam Əliyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. X.Əliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə yüksək maddi-texniki bazaya və yüksək döyüş qabiliyyətinə malik olan ordumuz 30 ilə yaxın müddət ərzində düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etdi və ən müasir silahlardan istifadə edərək yüksək döyüşkənlik ruhu ilə igidlik və şücaət göstərdi, Vətən müharibəsində şanlı qələbəni qazanaraq adını qızıl hərflərlə Azərbaycanın hərb tarixinə yazdırdı.

Tədbirdə çıxış edən şəhid ataları, qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir