Cəmiyyət

Yüzlərlə sakinin məsələsi AYNA-nın ümidinə qalıb… – AXI NİYƏ?

Binə qəsəbəsində “Hövsan yolu” adlanan yolun ətrafında yaşayan sakinlərin həyatı təhlükə qarşısında qalıb. Bu barədə Sputnik Azərbaycan-a qəsəbə sakinləri şikayət ediblər. Onların sözlərinə görə, yolun hər iki tərəfində yaşayış evləri olsa da, yolda sürəti tənzimləyən lövhələr və digər zəruri yol nişanları qoyulmayıb. Onlar yaşadıqları ərazidəki küçələrə ad verilmədiyindən rəsmi şəkildə heç bir quruma şikayət edə bilmədiklərindən gileylənirlər. Sakinlər bildiriblər ki, yolda avtomobillər sürətlə hərəkət etdiyindən, piyadavurma hadisələri də tez-tez baş verir. Bundan əlavə yolun heç bir yerində piyada keçidi də quraşdırılmayıb.
“Bizim küçəmizə nə ad verilir, nədəki piyada keçidi, yol nişanları quraşdırılır. Buranı camaat “Hövsan yolu”, “Gürcüstanlılar məhləsi”, “Bağça yolu” kimi tanıyır. Ərazidə evlərin tikilməsinə icazə verilib, amma küçələrə ad verilmir. Yolu asfaltlayandan sonra avtomobillər sürətlə hərəkət edir. Avtomobillər 110-120 sürətlə sürürlər. Yaşayış olan ərazidən keçən bu yolda dəfələrlə döngələrdə qəza hadisələri, piyadavurmalar olub. Amma yenə də yolda sürəti tənzimləyən yol nişanı yoxdur. Heç yola piyada zolağı belə çəkməyiblər. Bu uzunluqda yolu camaat necə gəldi keçir. Bir sözlə, həyatımız təhlükədədir” – sakinlər bildiriblər.

Xəzər Rayon İcra Hakimiyyətinin Binə Qəsəbə İcra Nümayəndəliyindən isə Sputnik Azərbaycan-a bildirilib ki, hələlik sözügedən ərazidə torpaqların hansı rayona aid olması mübahisəlidir. Çünki, bu ərazidə torpaqların bir hissəsi Abşeronun köhnə Südçülük sovxozuna, bir hissəsi Suraxanı rayonunun Hövsan qəsəbəsinə, bir hissəsi isə Xəzər rayonuna düşür. İcra nümayəndəliyindən o da bildirilib ki, ərazidə evlərin çoxu qanunsuz tikili olduğundan, küçələrə ad verilməyib. Amma portalda həmin küçələr nömrələnib.
Nümayəndəlikdən yola yol nişanlarının qoyulması, eləcə də sürətin tənzimlənməsi üçün aidiyyatı qurumlara müraciət edildiyi də bildirilib.
Sakinlər isə torpaq sərəncamlarında ərazinin Xəzər rayonu Binə qəsəbəsi olduğunun göstərildiyini söyləyiblər.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli Sputnik Azərbaycan-a bildirib ki, Bakı şəhəri ərazisində yol nişanlarının qoyulması Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) səlahiyyətindədir. Yaşayış massivlərindəki yollarda sürət həddini məhdudlaşdıran nişan yoxdursa, belə yollarda maksimal hərəkət sürəti saatda 60 km-dir. Bu isə “Yol Hərəkəti Haqqında” qanunun 50-ci maddəsinin tələbidir.
Əsgərli ətraf qəsəbələrdə əsas yollarda sürət həddini tənzimləyən yol nişanlarının qoyulmasının, piyada zolaqlarının çəkilməsinin ciddi problem olduğunu da söyləyib. Bildirib ki, belə müraciət olduqca, onlar bunu AYNA-a yönəldirlər.
AYNA-dan isə Sputnik Azərbaycan-a problemin araşdırılacağını bildiriblər.
 //Sputnik Azərbaycan//

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir