Cəmiyyət

Mağaza müştəriyə satdığı yararsız məhsulu niyə YENİLƏMİR? – “Karaca”dan ŞİKAYƏT

Bakı sakini “Karaca” mağazalar şəbəkəsi tərəfindən aldadıldığını iddia edir.

Bununla bağlı Bizim.Media-ya Nəsimi rayonu M.Mirqasımov 21 ünvanında yaşayan Məsmə Əliyeva müraciət edib. Şikayətçinin sözlərinə görə 04.10.2023 cü il tarixində Bakı şəhər Nəsimi rayon filialı, Azadliq 99 ünvanda yerləşən “Karaca”magazasından 195 AZN-lik “Kenwood” markalı şirəçəkən maşın alıb. İstifadə zamanı məhsulun yararsız olduğunu görüb:

“Qayda budur…”

“Övladım xəstə olduğu üçün şirəçəkən maşına ehtiyacım var. Məhsulu işlətməyə başlayanda qəribə mənzərənin şahidi oldum. Meyvə doğrayıb çəkən zaman meyvənin kiçik qabıqlarının şirəçəkənin kənarlarından evə sıçradığını gördüm. İşimlə əlaqədar əlaqədar şirəçəkəni 14 gün müddətində deyil, 25 gün sonra – yəni oktyabrın 29-da “Karaca”mağazasına mənə verilmiş 2 illik zəmanət talonu ilə bərabər apardım. Tələb etdim ki, məhsul qüsurlu olduğu ücün yenisi ilə dəyişdirilsin.

Mağazadan mənə bildirdilər ki, şirəçəkəni Əhməd Rəcəbli 21 ünvanda yerləşən texnoservisə aparım. Elə də etdim və özümlə meyvə də götürdüm. Texnoservisdə şirəçəkəni istifadə etdik. Servisin ustası onun həqiqətən də nasaz olduğunu təsdiqlədi. Hətta eyni modeli alan bir neçə alıcının da narazı qaldığını etiraf etdi. 1 gün şirəçəkənin servisdə qalacağını bildirdilər. Etiraz etsəm də, “qayda budur” deyə israr etdilər”.

“Biz belə işləyirik…”

Məsmə Əliyeva deyib ki, bir gün sonra servis nümayəndəsinin tərtib etdikləri istifadəyə yararsız yazılmış talonla bərabər şirəçəkəni yenidən “Karaca”mağazasına aparıb. Yolda talona baxanda isə təccüblənib:

“Guya ki, mən maşına cızıqlar cəkmişəm. Bunu bilərəkdən servisdə ediblər ki, günahı mənim boynuma atsınlar. Zəng edib səbəbini soruşanda, “sadəcə o şəkildə yazmışıq, narahatlığa əsas yoxdur” dedilər. Mağazada çalışan satış meneceri Günay xanıma yaxınlaşıb servis rəyini təqdim etdim. Xanım “Kenwood” markalı şirəçəkəninin yenisini verdi.

Şərt qoydum ki, üstümdə olan meyvəni onlarla bərabər yeni şirəçəkəndə yoxlamaq istəyirəm. Meyvəni çəkən zaman yenə də həmin prosesin təkrarlandığını gördüm. Mağazanın digər əməkdaşları da bu mənzərədən təccübləndilər. Anladım ki, məhsulun bütün modelləri belədir. Yəni istehsalda problem var. Ona görə də başqa markalı, hətta bir qədər bahalı şirəçəkənlə əvəzlənməsini tələb etdim.

Amma nə fayda…

Mağazadan məhsulu başqa markalı şirəçəkənlə əvəz etməyəcəklərini bildirdilər. Hətta satıcının mənə məsləhəti bu oldu ki, şirəçəkəni işlədən zaman kənarlarından çıxan meyvə qırıqlarının qarşısını skoç və ya dəsmalla qapadım. Məni elə həddə çatdırdılar ki, şirəçəkən maşını mağazada qoyub oradan kənarlaşdım. Servisin yazdığı talon da onlarda qaldı. Hətta satış meneceri Günay xanımın mənə son sözləri bu oldu ki “gedin kimə istəyirsiz şikayət edin, biz belə işləyirik”.

Məsələ ilə bağlı “Karaca” mağazalar şəbəkəsi ilə əlaqə yaratdıq. Şirkətin rəsmisi Səma xanım məhsulu qaytarmayacaqlarını, eyni markalı yenisi ilə yenə əvəzləyə biləcəklərini bildirib. O, deyib ki, sonuncu dəfə məhsul yoxlanılaraq müştəriyə təqdim edilib:

“Biz xanıma maksimum şəkildə kömək etdik. Öncə onu deyim ki, məhsulu 14 gün bitəndən sonra gətirmişdi. Onu qaytara bilməzdik. Servisin rəyinə görə yenisi ilə dəyişdik, yoxlayıb verdik. Amma müştəri yenə də eyni problem yarandığını əsas gətirərək məhsulu mağazaya gətirib təhvil verdi.

İndi də xanım tələb edir ki, şirəçəkəni başqa modellə əvəzləyək. Bu mümkün deyil. Servisin şirəçəkənin yararsız olduğuna dair növbəti rəyi olarsa, yalnız o halda eyni modelin yenisini təklif edə bilərik. Bunun üçün isə müştəri yenidən servisə müraciət etməlidir”, – deyə şirkət rəsmisi qeyd edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir